“Atacağımız addımları beynəlxalq hüququn nə deyəcəyi baxımından hesablamamalıyıq” – Ekspertbackend

“Atacağımız addımları beynəlxalq hüququn nə deyəcəyi baxımından hesablamamalıyıq” - Ekspert

Ermənistan öz xislətinə sadiq qalaraq bu dəfə də mülki vətəndaşları hədəfə alır. Belə ki, son təxribatlar nəticəsində iki vətəndaşımız xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Beynəlxalq hüquqdan, demokratik dəyərlərdən dəm vuran təşkilatlar isə hələ də Ermənistanın müharibə cinayətlərinə susqun yanaşır. Azərbaycan tərəfi isə düşmənin cinayətkar xislətini dünyaya çatdırmaq üçün əlindən gələni edir və artıq baş verən hadisə ilə bağlı cinayət işi başlanıb. 

Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən hərbi ekspert Elxan şıxəliyev bildirib ki, biz qarşımızdakı düşmənin hansı xislətdə olduğunu çoxdan bilirik: “Bu gün baş verənləri 30 ildir törədilən vəhşiliklərin davamı kimi qiymətləndiririk. Təəccübləndirici bir şey yoxdur. Vətən müharibəsi zamanı Gəncədəki əhalini qadağan olunan kasetli bombalarla atəşə məruz qoyan ermənilər yenidən mülki vətəndaşlarımızı hədəfə alırlar. Buna qarşı ən sərt addım ermənilərin cavabını artıqlaması ilə verməkdir. Azərbaycan ordusu isə düşmənə ən layiqli cavabı verir. Odur ki, hər mülki vətəndaşımıza qarşı törədilən cinayətə düşmənin canlı qüvvəsinin və hərbi texnikasının məhv edilməsi ilə “göz dağı” veririk”.

Azərbaycan ordusu Türkiyə modelinə necə keçir...

Hərbi ekspert əlavə edib ki, beynəlxalq hüquq ikili standartlarla işləyir: “Beynəlxalq hüquq ermənilər tərəfindən azərbaycanlılara qarşı törədilən “Xocalı”, “Ağdaban” və digər faciələrə, eləcə də Vətən müharibəsi zamanı Tərtərin, Bərdənin və Gəncənin mülki əhalisinin hədəfə alınmasına necə yanaşırdısa, hazırda da bu cür münasibət sərgiləyir. Biz sivil dövlət olaraq təbii ki, beynəlxalq hüququn norma və prinsiplərinə əməl etməyə çalışırıq ki, sonradan Azərbaycana qarşı hər hansı bir addım atılmasın. Amma Ermənistan hərbi güc nümayiş etdirə və döyüşə bilmədiyi üçün mülki insanlardan heyif çıxmağa çalışır. Bu, ermənilərin xislətidir”.

Elxan şıxəliyevin sözlərinə görə, Azərbaycan siyasi və hərbi iradə sərgiləyərək bölgədə istəyinə nail olub: “ Nə torpaqlarını 30 il işğalda saxlayan, “Xocalı” faciəsini törədən, bir milyona yaxın insanı öz doğma yurdundan didərgin salaraq qaçqın və məcburi köçkünə çevirən Ermənistanın mülki əhalimizi hədəf seçməsinə, nə də bütün bunlara illərlə göz yuman beynəlxalq hüququn susqunluğuna təəccüblənməməliyik. Çünki beynəlxalq təşkilatlar indiyə qədər müharibə cinayətlərinə görə rəsmi İrəvana heç bir sanksiya tətbiq etməyib. Ona görə də biz atacağımız addımları beynəlxalq hüququn nə deyəcəyi baxımından hesablamamalıyıq. Daha çox hədəflərimizə doğru atdığımız addımların bizə nə qazandıracağını düşünməliyik. Yəni ərazimizdən qeyri-qanuni erməni birləşmələri çıxarılmalı, sərhədlər tanınmalı, Zəngəzur dəhlizi açılmalıdır. Bu istiqamətdə lazımı addımlar atılır. Amma eyni zamanda ermənilərdən bundan sonra da qeyri-insani addımların atılacağını gözləməliyik”.

Müşviq Tofiqoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*