“The Koca-Kola Kompany”nin törəmə şirkəti olan “Koca-Kola Europacific Partners Belgium” bir sıra Avropa ölkələrində satılan içkilərin tərkibində xlorat adlı maddə aşkar edildiyi üçün bütün partiyasını geri çağırdığını açıqlayıb.
Koca-Kola partiyası Belçika, Böyük Britaniya, Lüksemburq, Hollandiya, Fransa və Almaniyadan geri çağırılıb. Mütəxəssislərin fikrincə, yüksək miqdarda xlorat insan sağlamlığına mənfi təsir göstərərək, methemoqlobinemiya, yorğunluq, nəfəs darlığı və hətta böyrək çatışmazlığına səbəb ola bilər. Uzun müddətli istifadə DNT-ni zədələyə və onkoloji xəstəliklərə səbəb ola bilər. Bəs Azərbaycanda vəziyyət necədir? Ölkəmizdə istehsal edilən içkilərdə də xlorat maddəsi varmı? Bu sualla Qida Təhlükəsizliyi Hərəkatının rəhbəri, qida mütəxəssisi Məhsəti Hüseynovaya müraciət etdik.
KONKRET.az-ın suallarını cavablandıran mütəxəssis bildirdi ki, bunu yalnız xüsusi laboratoriyalarda aşkar etmək mümkündür. Daha sonra Koka Kolanın insan sağlamlığına zərərrndən danışan həmsöhbətimiz qazlı içkilərin hazırlanmasında bir çox maddələrin mübahisəli olduğunu bildirdi:
“Belə içkiləri uzun müddət istifadə etdikdə sağlamlıq riskləri yaradır. Xüsusilə şəkərin həddindən artıq çox olması və bəzən doza siropundan çox istifadəsi, həddindən artıq kalorinin qəbul edilməsi piylənməyə səbəb olur. Davamlı olaraq istifadə edən insanlarda diabet, ürək-damar xəstəlikləri riski daha da çoxalır. Bir çox hallarda dadlandırıcı olaraq qarğıdalı siropundan da istifadə edirlər. Bu qatqılı məhsulları həddindən artıq istifadə edən insanlarda daxili orqanların pozulması halları baş verir. Koka Kolanın istehsalında kofeyindən istifadə olunur ki, bu maddə mərkəzi beyin sisteminin funksiyasının pozulmasına, narahatlığa, davamlı olaraq qorxulu yuxuların görülməsinə, hormonal balansın, iştahanın pozulmasına səbəb olur. Kofeyindən çox istifadə etdikdə qan təzyiqində də problemlər yaranır. Uzun müddət qalması üçün turşu tənzimləyici, fosfor turşusundan istifadə edilir ki, bu da davamlı olaraq istifadə olunduqda insan orqanizmində ciddi fəsadlar törədə bilir. Əsasən bu, sümük əriməsinə, diş minalarının çürüməsinə gətirib çıxarır. Davamlı olaraq istifadə edən insanlar oynaq xəstəliklərindən əziyyət çəkir. Eyni zamanda nevroloji təsirləri də var. 20-25 yaşa qədər olan insanlar belə içkilərdən daha çox istifadə etdikdə inkişaf prosesinin geri qalması ilə yanaşı, həm də hormonal dəyişiklərə də gətirib çıxarır”.
Vəli Həsənoğlu,
KONKRET.az
Bütün dünya mütəxəssisləri, həkimləri savadsızdırlar. Avropada istehsal olunan koka-kolalar da keyfiyyətsiz hazırlanır. Bizim mütəxəssislərin onlara treninq keçmələri və bizdə istehsal edilən koka-kolaların istehsal texnalogiyası onlara öyrədilməlidir.