Cənab prezident İlham Əliyevin müvafiq fərmanına uyğun olaraq Azərişıq ASC işğaldan azad edilmiş ərazilərdə xüsusi dövlət əhəmiyyətli binaların elektrik enerjisi ilə təchizatının təcili təmin olunması üçün “Azərişıq Qarabağda” layihəsi çərçivəsində təxirəsalınmaz tədbirlər həyata keçirir.
KONKRET.az xəbər verir ki, cəmiyyətdən Trend-ə verilən məlumata görə, hazırda Azərişıq ASC-nin əməkdaşları cəbhə boyu bölgələrdə düşmənin mülkü obyektləri hədəfə alması nəticəsində dəyən zərəri aradan qaldırır və bərpa işlərini gecə-gündüz operativ şəkildə yerinə yetirirlər. Azad olunan ərazilərdə yeni güc mərkəzlərinin yaradılması, ən müasir texnologiyalardan, elektron tipli rele mühafizəsi və avtomatika sistemlərini, məsafədən dispetçer idarə etmə sistemini tətbiq etməklə 110, 35 və 0,4 kV-luq şəbəkələrin yaradılması, 35 kV ÖİN naqillərdən istifadə etməklə elektrik verişi xətlərinin çəkilməsi üzrə layihələr hazırlanmış, həmin layihələrin mərhələli şəkildə həyata keçirilməsi nəzərdə tutulmuşdur. Lakin nəzərdə tutulan layihələr yerinə yetirilənədək Azərişıq ASC işğaldan azad edilmiş ərazilərdə xüsusi əhəmiyyət kəsb edən dövlət əhəmiyyətli binaların müvəqqəti elektrik təchizatının təcili təmin olunması üçün “Azərişıq Qarabağda” layihəsi çərçivəsində təxirəsalınmaz tədbirlərin həyata keçirilməsinə start vermişdir. Artıq Cəbrayıl şəhərində və Hadrut qəsəbəsində yerləşən xüsusi dövlət əhəmiyyətli binalar Horadiz yarımstansiyasından qidalanan yeni çəkilən elektrik veriliş xətti vasitəsiylə elektrik enerjisi ilə təmin olunub.
