“Azərbaycan antiterror əməliyyatlarına başlasa, məcburən Rus hərbçiləri ilə üz-üzə gəlməli olacaq” – ÖZƏLbackend

“Azərbaycan antiterror əməliyyatlarına başlasa, məcburən Rus hərbçiləri ilə üz-üzə gəlməli olacaq” – ÖZƏL

Vətən müharibəsində qazanılan tarixi qələbə ilə regionda nüfuzu günbəgün artan Azərbaycan dostlarını sevindirsə də, düşmənləri çox narahatdır. Elə bunun nəticəsidir ki, 44 günlük müharibədə Azərbaycanın öz ərazi bütövlüyünü tam şəkildə bərpa etməsinə imkan verilmədi və rəsmi Bakı ciddi təzyiqlərlə üz-üzə qaldı. Əks halda Xocalı, Xocavənd, Xankəndi və digər ərazilərimizi də düşmən tapdağından azad etməyə Azərbaycanın həm hərbi, həm, iqtisadi, həm də siyasi qüdrəti çatırdı. Türkiyənin təhlükəsizlik üzrə eksperti Abdullah Ağarın da bu istiqamətdə olan açıqlaması deyilənləri sübuta yetirir. Belə ki, türkiyəli ekspert müharibənin dayanmasında rusların çox böyük günahının olduğunu açıqlayaraq,  döyüşlərin 44 -cü günündə Azərbaycana qarşı təzyiqlərin artmasından və savaşın gedişinə müdaxilə olunmasından danışıb. Amma indiki halda proseslər tam fərqli məcrada cərəyan edir. Belə ki, ermənilərin Qərbə sığınması Rusiyanın İrəvandan tamamilə üz döndərməsinə səbəb olub. Belə bir vəziyyətdə Azərbaycanın iri hərbi əməliyyatlara başlaması və Rusiyanın da razılığı ilə Xankəndi, Xocalı, Ağdərə, Xocavənd və hətta Qərbi Zəngəzuru tam nəzarətinə ala bilməsi məsələsi gündəmə gəlir. Bəs görəsən belə bir addımın atılması nə dərəcədə mümkündür?

Mövzunu KONKRET.az-a şərh edən politoloq Samir Hümbətov bildirib ki, Rusiya İkinci Qarabağ Müharibəsi zamanı bütün imkanlarından istifadə edərək Azərbaycana təzyiq göstərməyə və döyüşləri ləngitmətyə çalışıb: “10 Noyabr Bəyannaməsi imzalanmasa idi, yəqin ki, Azərbaycan Xocalı, Xocavənd, Xankəndi, Ağdərə və digər ərazilərin işğaldan azad edilməsi prosesini də həyata keçirərdi. Lakin hazırda imzalanan Bəyannamənin şərtlərinə baxarkən Ermənistanın öz üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmək istəmədiyini görə bilərik. Ancaq regional və qlobal şərtlər imkan verdiyi təqdirdə biz yarımçıq qalan bütün məsələləri həll edəcəyik. Yəni burada məsələ Rusiyanın imkan verib-verməməsində deyil. İlk növbədə Azərbaycanın maraqları ön planda olmalıdır. Rusiya bu günə qədər ermənilərdən üz döndərməyə çalışsa da, bunu tam şəkildə bacarmayıb. Çünki, Moskva yaxşı bilir ki, Ermənistan Rusiyadan belə bir addımın atılmasını gözləyir. Bununla da Qərbə meyl etmək üçün fürsət axtarır. Düşünürəm ki, Rusiya belə bir addımı atmayacaq”.

Samir Hümbətov: Türkiyənin regional siyasətdən qlobal siyasətə keçidi -  KAFKASSAM - Kafkasya Stratejik Araştırmalar Merkezi

Politoloq əlavə edib ki, biz yarımçıq qalan məsələləri danışıqlar masasında əyləşərək həll edə və ərazilərimizi geri ala bilərik: “Doğrudur, antiterror əməliyyatlarının keçirilməsi, erməni terrorçularının həmin ərazilərdən çıxarılması da mümkündür. Hətta savaş başladıb həmin əraziləri də nəzarətimizə keçirə bilərik. Ancaq nəzərə almalıyıq ki, Rusiya hərbçiləri dislokasiya ediliblər və 5 il müddətinə orada qalacaqlar. Əgər Azərbaycan həmin ərazilərdə əməliyyatlara başlasa, o zaman məcbur şəkildə Rus hərbçiləri ilə üz-üzə gəlməli olacaq. Bu səbəbdən də, ən optimal variant danışıqlar prosesi zamanı əldə olunacaq razılıqlar əsasında  həmin ərazilərin Azərbaycanın nəzarətinə keçməsidir. Biz indiki halda müharibə variantını istisna etməliyik. Çünki baaş verənlər ermənilər tərəfindən ya Azərbaycanın, ya da Rusiyanın əleyhinə atılacaq addım kimi qiymətləndirilə bilər. Amma erməni separatçıları Azərbaycana qarşı təxribat xarakterli addımlarını çoxaltsalar, o zaman rəsmi Bakı antiterror əməliyyatlarına başlayaraq onları tam zərərsizləşdirə bilər. İndiki halda həmin ərazilərdə antiterror əməlliyatlarına başlaması üçün Rusiyanın Azərbaycana imkan verəcəyinə inanmıram. Bunun üçün tam şəkildə razılıq əldə edilməlidir. Həmçinin Rusiya-Türkiyə və Azərbaycan-Rusiya razılığına ehtiyac var. Yalnız bundan sonra proseslərin gedişatına uyğun olaraq belə bir addımın atılıb-atılmayacağına qərar verilə bilər”.

Müşviq Tofiqoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*