Azərbaycan Respublikası Qarabağ ərazisinə tam nəzarəti bərpa edəndən sonra müharibədə itkin düşmüş xeyli döyüşçünün taleyinə aydınlıq gətirilib. Nəticədə itkin düşmüş şəxs kimi rəsmi qeydiyyatda olan bir sıra adlar siyahıdan çıxarılıb.
Söhbət Birinci Qarabağ müahibəsində itkin düşənlərdən gedir.
Bəs hazırda itkin kimi qeydiyyatda olanların sayı nə qədərdi?
KONKRET.az Azərbaycan Respublikasının Əsir və itkin düşmüş girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasına istinadən xəbər verir ki, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində Birinci Qarabağ müharibəsində 3890 nəfər Azərbaycan vətəndaşı itkin düşmüş şəxs kimi qeydiyyata alınıb. Onlardan 3171 nəfəri hərbçi, 719 nəfəri mülki şəxsdir. Mülki şəxslər içərisindən 71 nəfəri yetkinlik yaşına çatmamış uşaq, 267 nəfəri qadın, 326 nəfəri yaşlı insanlar olub.
İtkin düşmüş şəxslərin ümumi sayından 872 nəfərin, o cümlədən 29 uşaq, 98 qadın və 112 qocanın əsir-girov götürüldüyü barədə məlumatlar var. Sonradan azad olunmuş əsir və girovlar həmin şəxsləri sağ gördüklərini təsdiq ediblər.
Ermənistan münaqişənin bütün dövrü ərzində bu şəxslər barədə məlumatları beynəlxalq təşkilatlardan gizlədib, onların sonrakı taleyi barədə məlumat verməkdən yayınıb.
2020-ci ildə baş vermiş Vətən müharibəsində isə 6 hərbçimiz itkin kimi hazırda axtarılır.