Rusiya və Azərbaycan Ermənistanın iştirakı olmadan Qarabağda danışıqlara başlayıb. Bu barədə “Hraparak” nəşrinin yaydığı məlumat nə Azərbaycan, nə də Ermənistan cəmiyyətində birmənalı qarşılanmayıb. Belə ki, qəzet danışıqların məqsədinin Laçın yolunda quraşdırılan nəzarət-buraxılış məntəqəsinin ləğv edilməsi olduğunu iddia edib. Yəni Qarabağa daxil olan yük maşınları birbaşa Rusiya sülhməramlılarının nəzarəti altında yoxlanılmalı, Azərbaycan tərəfi isə prosesi onlayn izləməlidir. Bəs görəsən, bu, nə dərəcədə mümkündür? Ümumiyyətlə, Rusiya bizi buna razı sala bilərmi?
Mövzunu KONKRET.az-a şərh edən politoloq Məhəmməd Əsədullazadə bildirib ki, Rusiyanın bu istiqamətdə Azərbaycanla danışıqlar aparması mümkündür: “Bu baxımdan erməni nəşrinin yazdığı reallığa uyğun ola bilər. Rusiya çalışır ki, Laçın yolunda Azərbaycanın nəzarət-buraxılış məntəqəsi olmasın və separatçılara rahat şəkildə silah-sursat daşınması həyata keçirilsin. Bu, Kremlin maraqlarına cavab verir. Amma hesab edirəm ki, rəsmi Bakı Moskvanın bu təklifinə müsbət yanaşmayacaq. Çünki Laçın yolunda nəzarət-buraxılış məntəqəsinin quraşdırılması Azərbaycan üçün milli təhlükəsizlik və suverenlik məsələsidir. Məhz 100 ildən sonra biz Laçın yoluna tam nəzarəti bərpa etmişik və orada keçid məntəqəsi qurmuşuq. Odur ki, Azərbaycan öz təhlükəsizliyini və suverenliyini üçüncü ölkənin geosiyasi maraqlarına qurban verməyəcək. Hesab edirəm ki, Prezident İlham Əliyev bu kimi danışıqların yolverilməz olduğunu bildirəcək”.

Politoloqun sözlərinə görə, “Hraparak” rusiyayönlü və Paşinyana müxalif olan bir nəşrdir: “Təbii ki, sözügedən məsələ ilə bağlı danışıqlar aparıla bilər, amma Kreml rəsmi Bakının bu təkliflə razılaşmayacağını yaxşı anlayır. Çünki nəzarət-buraxılış mıntəqəsinin götürülməsi beynəlxalq müstəvidə Azərbaycanın mövqeyinə ciddi zərbə vura bilər. Laçın yolunda postun quraşdırılması 44 günlük müharibədən sonra Azərbaycanın ən böyük qələbəsi kimi xarakterizə edilir. Odur ki, biz bu qələbəyə kölgə salan və Ermənistanın mövqeyini gücləndirən heç bir addım atmayacağıq. Üstəlik, Laçın yolunda keçid məntəqəsinin yığışdırılması daxili etirazlara da səbəb ola bilər. Çünki sözügedən yolun açıq qalması Qarabağ münaqişəsinin və separatizmin davam etməsi deməkdir”.
Məhəmməd Əsədullazadə əlavə edib ki, Laçın yolunda postumuz ləğv edilsə, gələcəkdə ərazi bütövlüyümüz və suverenliyimiz üçün təhlükə yaranacaq: “Düşünürəm ki, bu məsələ ümumiyyətlə danışıqlar peredmeti olmamalıdır. Azərbaycan isə heç vaxt buna getməyəcək. Rus əsgəri orada dayanıb müəyyən proseslərdə iştirak edə bilər. Amma bu, o demək deyil ki, nəzarət-buraxılış məntəqəsinin işinə Azərbaycan onlayn formada nəzarət edəcək. Bütün bunlar Azərbaycan üçün ciddi təhdiddir. Hesab edirəm ki, dövlət başçısı səviyyəsində belə bir məsələnin reallaşmasına imkan verilməyəcək”.
Müşviq Tofiqoğlu,
KONKRET.az
