Dövlət Miqrasiya Xidməti “Rossiya Seqodnya” Beynəlxalq İnformasiya Agentliyinin Bakı Filialının əməkdaşları barədə açıqlama yayıb.
Qurumun İctimaiyyətlə əlaqələr idarəsindən KONKRET.az-a verilən xəbərə görə, “Rossiya Seqodnya” Beynəlxalq İnformasiya Agentliyi Federal Dövlət Unitar Müəssisəsinin Bakı Filialının Belarus vətəndaşları Pavel Antonov və Antonava Tryzno Veranikanın iş və müvəqqəti yaşama icazəsinin uzadılması məsələsinə baxılıb.
Dövlət Miqrasiya Xidməti miqrasiya qanunvericiliyin tələbləri əsasında bu icazələrin uzadılmasından imtina edib. Qəbul olunan inzibati qərarların surəti həmin şəxslərə təqdim edilib.
Adıçəkilən şəxslər barəsində Azərbaycanın hüdudlarından kənara çıxarılma haqqında qərar qəbul edilməyib.
Bu şəxslər Azərbaycana yenidən giriş edərək qeydiyyata alınmaqla ölkədə ola və qanunvericilikdə nəzərdə tutulan müvafiq əsasları olduğu təqdirdə, yenidən müvəqqəti yaşama icazəsi əldə etmək üçün müraciət edə bilərlər.
