“Azərbaycanda yeni təhsil modeli yaratmaq mümkündür və əslində, müəyyən mənada buna ehtiyac da var. Amma burada bir məqamı xüsusi vurğulamaq istəyirəm: mən “mövcud sistemi tamamilə dəyişək, başqa ölkənin modelini olduğu kimi Azərbaycana gətirək” yanaşmasının tərəfdarı deyiləm.
Çünki təhsil modeli yalnız dərslikdən, kurikulumdan və ya imtahan sistemindən ibarət deyil. Bu model həmin ölkənin iqtisadiyyatına, əmək bazarına, cəmiyyətinə, müəllim hazırlığına, ailə strukturuna və sosial xüsusiyyətlərinə bağlıdır”.
Bu sözləri təhsil eksperti Turan Hüseynov KONKRET.az-a açıqlamasında bildirib.

Ekspertin sözlərinə görə, ayrı-ayrı ölkələrin təhsil sistemlərində Azərbaycan üçün faydalı ola biləcək müxtəlif təcrübələr mövcuddur.
“Məsələn, Finlandiyanın təhsil sistemindən müəllimə etimad, peşəkar muxtariyyət, şagirdyönümlülük və məktəblərin özünüqiymətləndirmə mexanizmləri kimi yanaşmaların daha geniş tətbiqi müsbət nəticələr verə bilər.
Yaponiyadan isə başqa bir istiqamətdə faydalı təcrübələr götürmək olar. Orada müəllimlərin bir-birindən öyrənməsi və dərslərin birgə təhlili geniş tətbiq olunur. Yəni müəllim yalnız dərs deyən şəxs deyil, eyni zamanda daim öyrənən və öz fəaliyyətini təhlil edən mütəxəssisdir.
Çin modelində isə xüsusilə böyükmiqyaslı islahatların mərhələli şəkildə pilot layihələrlə sınaqdan keçirilməsi maraqlı nümunədir. Çin son illərdə bütün sistemi birdən dəyişmək əvəzinə, müəyyən sahələrdə pilot layihələr həyata keçirərək nəticələrə əsasən onları genişləndirməyə üstünlük verir”, – deyə T.Hüseynov qeyd edib.
“Azərbaycan təhsil modeli formalaşdırılmalıdır”
Ekspert vurğulayıb ki, Azərbaycanın təhsil sistemi üçün “Finlandiya modeli”, “Yaponiya modeli” və ya “Çin modeli”ndən birini seçmək əvəzinə, ölkənin öz reallıqlarına uyğun milli təhsil modeli formalaşdırmaq daha doğrudur.
“Bu modelin daxilində müxtəlif ölkələrin uğurlu təcrübələrindən istifadə etmək olar.
Məsələn, məktəblərdə daha az əzbərçilik, daha çox düşünmə, problem həll etmə, kommunikasiya və rəqəmsal bacarıqlar ön plana çəkilə bilər. Müəllimlərin üzərindəki inzibati yük azaldılaraq onların əsas funksiyası – tədris və şagirdin inkişafı gücləndirilməlidir.
Digər mühüm məsələ qiymətləndirmədir. Şagirdin yalnız imtahanda topladığı bal onun potensialını tam göstərmir. Təbii ki, standart və obyektiv qiymətləndirmə sistemi lazımdır. Lakin bununla yanaşı, şagirdin layihə hazırlamaq, təqdimat etmək, komanda ilə işləmək, problem həll etmək və yaradıcı düşünmək bacarıqları da inkişaf etdirilməlidir.
Ali təhsildə isə əmək bazarı ilə universitetlər arasındakı əlaqəni daha da gücləndirmək lazımdır. Universitet yalnız diplom verən müəssisə olmamalıdır. Tələbə universiteti bitirdikdə “mən hansı fənləri keçdim?” sualından daha çox “mən hansı problemi həll edə bilirəm və hansı peşə bacarıqlarına sahibəm?” sualına cavab verə bilməlidir”.
“Təhsil proqramlarını 5-10 ildən bir dəyişmək kifayət deyil”
T.Hüseynovun sözlərinə görə, yeni təhsil modelinin ən vacib xüsusiyyətlərindən biri çeviklik olmalıdır.
“Dünyada süni intellekt, rəqəmsallaşma və əmək bazarı bu qədər sürətlə dəyişirsə, təhsil proqramlarını 5-10 ildən bir yeniləməklə kifayətlənmək mümkün deyil. Kurikulumlar daha çevik şəkildə yenilənməli, yeni bacarıqlar təhsil sisteminə daha sürətlə inteqrasiya edilməlidir.
Eyni zamanda, “müvafiq qurumlar heç nə etmir” kimi qiymətləndirmək də düzgün olmaz. Təhsil çox böyük və mürəkkəb sistemdir və belə sistemlərdə dəyişikliklər, adətən, mərhələli şəkildə həyata keçirilir.
Ancaq düşünürəm ki, cəmiyyətə daha çox izah edilməyə, müzakirələrin genişləndirilməsinə və təhsil siyasətinin formalaşdırılmasında müəllim, valideyn, şagird, tələbə, universitet və əmək bazarının nümayəndələrinin daha fəal iştirakına ehtiyac var.
Çünki təhsildə islahat yalnız kabinetdə hazırlanaraq məktəbə göndərilən sənəd olmamalıdır. İslahatın ən böyük tərəfdaşları müəllimlər və cəmiyyətin özüdür”.
2035 və ya 2040-cı ilə qədər Milli Təhsil Modeli hazırlansın
Ekspert hesab edir ki, Azərbaycan üçün uzunmüddətli Milli Təhsil Modeli konsepsiyasının hazırlanmasına ehtiyac var.
“Mənim təklifim belə olardı: əvvəlcə Azərbaycan üçün, məsələn, 2035 və ya 2040-cı ilə qədər Milli Təhsil Modeli konsepsiyası hazırlanmalı, daha sonra onun ayrı-ayrı elementləri müxtəlif məktəb və universitetlərdə pilot şəkildə tətbiq edilməlidir. Nəticələr ölçülməli, uğurlu mexanizmlər genişləndirilməli, işləməyənlər isə dəyişdirilməlidir.
Yəni məqsəd “Finlandiya kimi olaq”, “Yaponiya kimi olaq” demək deyil.
Məqsəd Finlandiyanın müəllimə etimad prinsipini, Yaponiyanın müəllim əməkdaşlığı təcrübəsini, müxtəlif ölkələrin peşə təhsili və rəqəmsal təcrübələrini öyrənərək Azərbaycan reallığına uyğun, çevik və gələcəyə hesablanmış öz təhsil modelimizi yaratmaqdır.
Çünki təhsildə ən doğru model başqa ölkənin modelini kopyalamaq deyil, uğurlu təcrübələrdən istifadə edərək öz ölkəsinin ehtiyaclarına uyğun model qurmaqdır”, – deyə T.Hüseynov əlavə edib.
Aynurə İsmayıl
KONKRET.az
