“Azərbaycan Respublikasının qanunvericiliyinin sistemli təhlili göstərir ki, “mobil radar” anlayışı ilə “hərəkətdə olan patrul avtomobilindən radar vasitəsilə sürətin ölçülməsi” eyni hüquqi anlayış deyil. “Yol hərəkəti haqqında” Qanunun 50-ci maddəsinin VII hissəsi nəqliyyat vasitələrinin sürətinin ölçülməsi üçün mobil və ya stasionar xüsusi texniki vasitələrdən (radarlardan) istifadə edilməsinə yol verir və radarın mövcudluğu barədə sürücünün əvvəlcədən məlumatlandırılmasını tələb edir”.
Bu fikirləri Azərbaycan İstehlakçılar Şurasının sədri, vəkil Roman Qaraşov KONKRET.az-a açıqlamasında bildirib.

Onun sözlərinə görə, yaşayış məntəqəsindən kənarda radardan 150–1000 metr, yaşayış məntəqəsində isə 50–200 metr əvvəl müvafiq məlumat və ya sürət məhdudiyyəti nişanı yerləşdirilməlidir.
“Bununla belə, qanunda “mobil radar” ifadəsinin işlədilməsi öz-özlüyündə hərəkətdə olan patrul avtomobilindən sürət ölçülməsinə ayrıca və birbaşa icazə verilməsi demək deyil. “Yol-patrul xidməti haqqında Təlimat”ın 4.4.1-ci bəndi patrul avtomobilinin nəqliyyat vasitələri axınında hərəkət etməklə xidmət aparmasına imkan versə də, həmin müddəa hərəkət zamanı radar tətbiq etmək səlahiyyətini ayrıca müəyyən etmir”, – deyə vəkil bildirib.
R.Qaraşov vurğulayıb ki, Təlimatın 3.13.3 və 5.1-ci bəndlərinə əsasən, YPX xüsusi texniki vasitələrdən istifadə edə bilər. Lakin bu vasitələr onların istifadə qaydalarına və texniki təlimatlarına uyğun tətbiq edilməli, həmçinin metroloji yoxlamadan keçməlidir.
“Buna görə hərəkətdə olan patrul avtomobilindən əldə edilmiş radar göstəricisinin mötəbər sübut hesab edilməsi üçün konkret radar modelinin texniki sənədlərində hərəkətdə olan platformadan ölçmə rejiminin (“moving mode”) nəzərdə tutulması, cihazın bu rejim üzrə istifadəyə yararlı və metroloji yoxlamadan keçmiş olması, həmçinin patrul avtomobilinin öz sürəti ilə yoxlanılan avtomobilin sürətinin texniki olaraq düzgün fərqləndirilməsi mühüm əhəmiyyət daşıyır.
Qüvvədə olan açıq normativ sənədlərdə “YPX əməkdaşı hərəkətdə olan patrul avtomobilindən radar tətbiq edə bilər” formasında ayrıca norma müəyyən edilmədiyindən, belə ölçmənin qanuniliyi konkret cihazın texniki və metroloji sənədləri əsasında qiymətləndirilməlidir”, – deyə vəkil qeyd edib.
Elektron cərimənin rəsmiləşdirilməsi necə aparılmalıdır?
R.Qaraşovun sözlərinə görə, elektron cərimənin rəsmiləşdirilməsi də ayrıca prosessual tələblərə tabedir.
“İnzibati Xətalar Məcəlləsinin 122-ci maddəsinə əsasən, foto və ya video qeydiyyat funksiyasına malik xüsusi texniki vasitə ilə yol hərəkəti qaydasının pozulması aşkar edildikdə, məlumatlar DİN-in mərkəzi informasiya sisteminə ötürülməli və elektron qərar müəyyən edilmiş qaydada formalaşdırılmalıdır.
İXM-in 122.5-ci maddəsinə görə, belə texniki vasitə ilə qeydə alınmış pozuntuya görə nəqliyyat vasitəsinin sonradan saxlanılaraq eyni xəta üzrə protokol tərtib edilməsi və ya yerində qərar çıxarılması yolverilməzdir.
Sürət həddinin aşılmasına görə məsuliyyət İXM-in 328-ci maddəsi ilə müəyyən edilsə də, məsuliyyət üçün pozuntunun məhz konkret nəqliyyat vasitəsi tərəfindən törədildiyi qanuni və mötəbər sübutlarla təsdiqlənməlidir”, – deyə vəkil bildirib.
Onun sözlərinə görə, hərəkətdə olan YPX avtomobilindən radar vasitəsilə qeydə alınmış elektron cərimədən şikayət edilərkən bir sıra məsələlər araşdırılmalıdır.
“Belə hallarda radarın marka və modeli, seriya nömrəsi, qüvvədə olan metroloji yoxlama sənədi, həmin cihazın hərəkətdə olan avtomobildən ölçmə aparmasına texniki icazənin olub-olmaması, istifadə edilən ölçmə rejimi, foto-video materiallar, ölçülən avtomobilin dəqiq identifikasiyası və məlumatların mərkəzi informasiya sisteminə ötürülməsi araşdırılmalıdır.
Yəni patrul avtomobilinin hərəkətdə olması cəriməni avtomatik olaraq etibarsız etmir. Lakin dövlət orqanı istifadə olunan radarın məhz hərəkətdə olan patrul avtomobilindən qanuni və texniki cəhətdən etibarlı ölçmə aparmağa yararlı olduğunu, həmçinin elektron qərarın İXM-in 122-ci maddəsinin tələblərinə uyğun rəsmiləşdirildiyini əsaslandıra bilməlidir”, – deyə R.Qaraşov əlavə edib.
Aynurə İsmayıl
KONKRET.az
