8 Noyabr – Zəfər Günü münasibətilə Beynəlxalq Türk Akademiyası “Azərbaycan Vətən müharibəsinin tarixi. Şəxsiyyət amili (27 sentyabr – 10 noyabr 2020)” adlı kitabı qazax dilində çap edib.
KONKRET.az -ın Mərkəzi Asiya ölkələri üzrə bürosu xəbər verir ki, əsər 44 gün davam edən İkinci Qarabağ müharibəsinin sənədli salnaməsini əks etdirərək, Azərbaycan xalqının haqq mübarizəsini ətraflı şəkildə təqdim edir.

Kitabda həmçinin Birinci Qarabağ müharibəsindəki məğlubiyyət səbəbləri, Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra Ermənistanla Azərbaycan arasında münaqişənin həlli prosesi, milli ordunun formalaşması, eləcə də Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin Zəfər strategiyasının əsas istiqamətləri geniş şəkildə işıqlandırılıb.
Bundan əlavə, nəşrdə İkinci Qarabağ müharibəsinin diplomatik aspektləri, Azərbaycanın tarixi Zəfərinin geosiyasi nəticələri və müharibədən sonrakı dövrdə Qarabağın sosial-iqtisadi inkişafına yönələn siyasətlər də ətraflı təhlil olunur.
Türk Akademiyasının prezidenti, professor Şahin Mustafayev kitabın ön sözündə vurğulayıb ki, Qarabağ Zəfəri yalnız Azərbaycan xalqının deyil, bütün Türk Dünyasının ortaq qürurudur:
“Türk Akademiyası adından Azərbaycan xalqının böyük Zəfərini əks etdirən bu etibarlı mənbəni qazax oxucularına təqdim etməkdən məmnunluq duyuram. İnanıram ki, bu əsər Türk xalqlarının ortaq taleyinin, birgə ideallarının və gələcək əməkdaşlıq yolunun daha dərindən anlaşılmasına mühüm töhfə verəcək,” – deyə Mustafayev bildirib.
Kitabın tam mətninə Türk Akademiyasının rəsmi internet saytında daxil olmaq mümkündür.
KONKRET.az-ın Mərkəzi Asiya bürosu
