İranın nüvə silahı əldə etmək istəməsi məsələsinin müzakirə edildiyi bir məqamda məşhur iddia yenidən gündəmə gəlib. Bildirilir ki, Səudiyyə Ərəbistanının mərhum kralı Faysal ibn Əbdüləziz Əl Səud Pakistanın nüvə silahı proqramına maliyyə dəstəyi göstərərək, ölkənin “atom klubu”na qoşulmasında mühüm rol oynayıb. Hətta iddialara əsasən, bunun müqabilində Ər-Riyadın təhlükəsizlik maraqları naminə gələcəkdə nüvə dəstəyi ilə bağlı razılaşma əldə olunub.
Bu versiya rəsmi təsdiqini tapmasa da, Faysal bəzi dairələrdə “İslam nüvə bombasının atası” kimi xarakterizə edilir.
KONKRET.az xəbər verir ki, globalinfo.az-a danışan Yaxın şərq üzrə ekspert Vüqar Zifəroğlu deyib ki, Pakistanın nüvə proqramının inkişafında Səudiyyə Ərəbistanının maliyyə dəstəyi göstərdiyinə dair uzun illərdir iddialar mövcuddur:
“Bir sıra keçmiş diplomatlar, analitiklər və Qərb mənbələri bunu irəli sürsələr də, qəti, rəsmi sübut yoxdur. Açıq mənbələrdə bu məsələ əsasən ehtimal və kəşfiyyat qiymətləndirməsi kimi təqdim edilir. Onu da nəzərə almaq lazımdır ki, bunu nə Pakistan, nə də Səudiyyə Ərəbistanı rəsmi təsdiq edib. Səudiyyə ilə Pakistan arasında çox sıx hərbi-strateji əməkdaşlığın mövcudluğu isə faktdır. Son illərdə bu əməkdaşlıq daha da dərinləşib və bəzi ekspertlər bunu “Pakistanın nüvə çətiri” kimi şərh edirlər. Lakin bu, nüvə başlıqlarının Səudiyyəyə verilməsi demək deyil.
“Faysal bin Əbdüləziz İslam nüvə bombasının atasıdır” ifadəsi isə daha çox siyasi-publisistik xarakter daşıyır. Səudiyyə Ərəbistanının Pakistanın nüvə proqramına müəyyən maliyyə dəstəyi verməsi ehtimalı yüksək qiymətləndirilir. Ancaq bunun müqabilində nüvə silahının ötürülməsinə dair hüquqi və ya gizli razılaşmanın mövcudluğu, yaxud Səudiyyə Ərəbistanının artıq nüvə silahına malik olması bu günə qədər açıq və etibarlı sübutlarla təsdiqlənməyib”.
