Azərbaycanda Alfred Hiçkokun qorxulu filmlərini xatırladan uşaq bağçası – FOTO/VİDEObackend

Azərbaycanda Alfred Hiçkokun qorxulu filmlərini xatırladan uşaq bağçası - FOTO/VİDEO

Azərbaycanda fəaliyyət göstərən təhsil müəssisələrinin vəziyyəti ilə bağlı KONKRET.az-a daxil olan şikayət xarakterli müraciətlərin ardı-arası kəsilmir.

Növbəti belə şikayət Şəmkir rayonunun Bayramlı kəndində yerləşən uşaq bağçası-körpələr evindəki şəraitsizliklə əlaqədardır. Açığı, “şəraitsizlik” sözü burada bir qədər yerində səslənmir. Çünki redaksiyaya göndərilən və bağçanın ümumi vəziyyətini əks etdirən videoda sanki məşhur kinorejissor Alfred Hiçkokun dəhşət filmlərinin mənzərələri əks olunur. Qapı-pəncərəsi, daşı-divarı, həyət-bacası, dam örtüyü, sanitar qovşağı, yelləncəkləri, elektrik xətləri çox köhnə və bərbad olan müəssisə əsl kabusu xatırladır. Və belə bir yararsız binada təxminən 35 uşaq tərbiyə alır. Əslində hər dəqiqəsi təhlükə saçan bu körpələr evində tərbiyədən çox uşaqların sağlamlığı və təhlükəsizliyi narahatedici faktdır. Qəribəsi də odur ki, orada çalışan müəllimlər, ən əsas da müdiriyyət belə bərbad vəziyyətə göz yumur. Kənd sakinlərinin iddialarına görə, bağçanın müdiri işini itirməkdən qorxduğu üçün bu barədə aidiyyəti orqanlara məlumat vermir, əksinə, gələn yoxlamanı da yarıyoldan “hörmət-izzətlə” geri qaytarır.

Qeyd edək ki, deyilənlərlə bağlı bağça direktorunun fikirlərini öyrənmək cəhdlərimiz alınmadı.

Qazax-Tovuz Regional Təhsil İdarəsinin məsələ ilə bağlı mövqeyinə gəlincə, oradan aşağıdakıları bildirdilər:

“Şəmkir rayonu Bayramlı kənd körpələr evi-uşaq bağçası 1989-cu ildən fəaliyyətə başlayıb, bağça binası isə 1991-ci ildə tikilib. Bina birtiplidir və tikilib istifadəyə verildiyi gündən təmir olunmayıb. Əvvəlki illərdə bağça 55 yerlik olsa da, sonradan bu rəqəm rəsmi olaraq azaldılıb və hazırda 35 yerlik olmaqla ikiqruplu bağça kimi fəaliyyət göstərir.

Bildiyiniz kimi, məktəbəqədər təhsil müəssisələri Elm və Təhsil Nazirliyinin tabeliyinə yeni verilib. Hazırda həmin müəssisələrin infrastrukturu barədə monitorinqlər aparılır. Bu proses cari ilin may ayınadək davam edəcək. Ondan sonra prioritetlərə bölünərək, məktəbəqədər təhsil müəssisələrində təmir işlərinə başlanılacaqdır”.

Mövzunu diqqətdə saxlayacağıq.

Sevinc Paşayeva,

KONKRET.az

  • Elmeddin
    Fevral 20, 2023 - 19:24

    Allah sizlerden razi olsun

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*