Azərbaycanda bu torpaqlar bahalaşdıbackend

Azərbaycanda bu torpaqlar bahalaşdı

Azərbaycanda kənd təsərrüfatı təyinatlı və pay torpaqlarının qiymətində 30-35% artım olub.

KONKRET.az xəbər verir ki, bunu iqtisadiyyat.az-a açıqlamasında Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Oruc söyləyib.

Onun sözlərinə görə, torpaq sahələri yerləşməsindən asılı olaraq daim qiymət artımına məruz qalır. Yəni elə yerlər var ki, daha çox qiymət artımı həmin yerlərdə görünür. Mütəxəssis hesab edir ki, ölkə üzrə ötən il torpağın orta qiyməti təqribən 20% civarında artıb:

“Yəni ortalama qiymət olaraq qeyd edə bilərik ki, ötən illə müqayisədə torpağın qiymətində 20% civarında artım müşahidə edilib. Torpaq digər əmlak növlərinin içərisində yeganə daşınmaz əmlak növüdür ki, o, əsas xarakter daşıyır və digər daşınmaz əmlak növləri məhz torpağın üzərindədir. Eyni zamanda torpaq özü isə artmır, biz sadəcə olaraq tikililəri artıra bilirik. Məsələn, 5 mərtəbəli binanı söküb üzərinə 15 mərtəbə tikə bilərik. Yəni həmin ərazidə binanın sahəsi arta bilər. Amma torpaq sahəsi elə bir daşınmaz əmlak növüdür ki, onu heç cür artırmaq olmaz. Getdikcə azalır, insanların sayı artır və torpağın həcmi azalır”.

AQC sədri bildirib ki, bu baxımdan torpaq daşınmaz əmlak növləri içərisində təbii qiymət artımına daimi məruz qalan əmlak növüdür:

“Yəni heç vaxt heç kim deyə bilməz ki, əvvəlki torpaq qiyməti hər hansı bir ərazidə bugünkündən yuxarı olub, indi aşağıdır və yaxud da ki, sabah bugünkündən ucuz olacaq. Hər dəfə biz bunun şahidi olmuşuq ki, torpaq qiyməti illər keçdikcə qiymət artımına məruz qalır. Bu gün də yaşayış təyinatlı torpaq sahələri var. Biz istər Bakının mərkəzində, istər ətraf ərazilərdə, istərsə də digər rayonlarda qiymətlərin artımını müşahidə edirik”.

V.Oruc söyləyib ki, sıxlıq çox olan, infrastrukturu inkişaf edən və eyni zamanda şəhərin mərkəzinə yaxın ərazilərdə daha çox artım baş verir: “Amma digər ərazilərdə və rayonlarda isə qiymət artımı nisbətən daha az dinamik olur. Bu da təbii prosesdir. Mərkəzi büdcədən tam dotasiya ilə yaşamayan və yaxud özünün istehsal sahələri olan, infrastrukturu inkişaf edən rayonlarda torpaq sahəsinin qiyməti davamlı olaraq artır. Hətta həmin ərazilərdə torpaq sahəsinin qiyməti Bakının bir çox rayonlarına bərabərdir.

Bir də torpaq sahələri ikinci kateqoriya, yəni təyinat olaraq kənd təsərrüfatı torpaqlarıdır. Kənd təsərrüfatı torpaqları bəzi hallarda 100% artıma məruz qalır. Məsələn, əvvəl hektarı 1000, 1500, 2000 manata torpaq sahələri tapılırdısa, indi bu qiymətə heç bir torpaq sahəsi almaq mümkün deyil”.

Sədr onu da vurğulayıb ki, bu artım ölkə iqtisadiyyatının inkişafı və eyni zamanda kənd təsərrüfatı torpaqlarına olan ehtiyacın artması ilə bağlıdır:

“Qiymətlərin daha çox yüksək olduğu ərazilər Bakının mərkəzidir və hazırda mərkəzdə torpaq tapmaq çətindir. Bağ evləri üçün nəzərdə tutulan Bilgəh, Mərdəkan, Şüvəlan kimi ərazilərdə dənizə çıxışı olan torpaq sahələrinin də qiyməti yüksəkdir. Bu ərazilərdə elə qiymətlər var ki, 100 min manatdır. Elə qiymətlər var ki, bu, 30 min manatdır. Yəni bu aralıqda dəyişir. Təbii ki, bu qiymət torpağın yerləşməsinə, prestijinə, ətrafında olan prestij tikililərə görə müəyyən olunur. Bu artım 2026-cı ildə davam edəcək və ilk yerdə Sea Breeze ərazisi, ikinci yerdə Mərdəkan, üçüncü yerdə Bilgəh, dördüncü yerdə Xırdalan, Sumqayıt, Buzovna, Biləcəri, Sulutəpə, Hövsan və Masazır dayanır. Düşünürəm ki, 2026-cı ildə də analoji qiymət artımı davam edəcək”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*