Ölkənin bir sıra tanınan səyahət bloqerləri birləşərək assosiasiya yaradıb.
KONKRET.az xəbər verir ki, oktyabr ayından start götürən layihə barədə tanınmış səyyah Azər Qərib öz facebook səhifəsində məlumat paylaşıb. A.Qəribin sözlərinə görə, bloqerlər müharibədən öncə bu barədə yekdil qənaətə gəliblər və assosiasiyanı yaradaraq onu da sədr seçiblər. Artıq qurumun rəsmi loqosu da təsdiqlənib.
“Hamımız bilirik ki, Azərbaycanın ən səfalı yerləri Qarabağda yerləşir və qələbəmizdən sonra həmin yerlərin turizm potensialının yenidən dəyərləndirilməsi və təbliğ edilməsi çox vacib bir məsələ olacaq. Assosiasiya olaraq biz bu işdə bütün imkanlarımızdan istifadə edərək dövlətə dəstək verməyə hazırıq”, – deyə Azər Qərib vurğulayıb.
A.Qərib ümid etdiyini bildirib ki, belə bir assosiasiyanın yaxın gələcəkdə dünya ictimaiyyətinə nəinki ölkənin tanınan bölgələrinin, eləcə də Qarabağın turizm potensialının tanıdılmasında mühüm xidmətləri olacaq.
“Artıq Azərbaycanın xaricdə təbliği istiqamətində beynəlxalq turizm yazarları assosiasiyaları, otellər şəbəkələri və xarici dövlətlərin turizm nümayəndəlikləri ilə də ilkin əlaqələr yaranıb”, – deyən A.Qərib onu da əlavə edib ki, “yeni təşəbbüs və ideyalara açıq olan assosiasiya bütün səyahətsevələri sıralarına qoşulmağa dəvət edir. Şərtlər və tələblər isə yaxın zamanlarda açıqlanacaq”.
Günel İsayeva,
KONKRET.az
