Ukrayna dövləti karantin rejimini noyabra kimi uzadıb. Azərbaycanda isə karantin rejiminin bitməsinə iki gün qalıb.
Azərbaycanda da karantin rejimi 2 ay uzadıla bilərmi?
Bununla bağlı KONKRET.az-ın sualını cavablandıran professor Adil Qeybulla bildirib ki, karantin rejimi qadağalardan və davranışlardan ibarətdir:

“Qadağalar yavaş-yavaş ləğv edilir. Tədricən sosial həyatın fəallaşmasına gedilir. Amma karantin davranışları Ümumdünya Səhiyyə Təşkilatının pandemiya ilə bağlı son zəngi vurana qədər davam etməlidir. Belə ki, qapalı yerlərdə maska taxılmalı, sosial məsafə qorunmalı və dezinfeksiya məhlulardan istifadə edilməlidir.
Çünki yoluxmanın sürətlə yayılma səbəbi təmasdır. Bu qaydalara əməl edilməsi vacibdir. Biz bu qaydaları gözləməklə öz həyatımızı davam etdirməliyik.Qaydalar saxlanılmaqla bütün qadağalar ləğv edilməlidir. Biz bu məsələdə Ukraynaya və digər ölkələrə baxıb addım atmamalıyıq. Çünki hər ölkə daxili stuasiyasına və epidemoloji vəziyyətə baxmalıdır. Hesab edirəm ki, təhsil davam etməlidir. İri ticarət mərkəzlərilə bağlı qadağalar bir müddətdə uzadıla bilər. Amma “evdə qal” karantin rejiminə qayıtmaq böyük yalnışlıq olardı. Yəqin ki, Operativ Qərargah karantin rejiminin növbəti mərhələsi ilə bağlı qərarını açıqlayacaq. Düşünürəm ki, müəyyən yumşalmalara gedilərək karantin rejimi yenidən uzadılma ehtimalı böyükdür”.