Dünyəvi təhsilin mahiyyəti: Vahid məktəbli geyimi hansı əhəmiyyət daşıyır?backend

Dünyəvi təhsilin mahiyyəti: Vahid məktəbli geyimi hansı əhəmiyyət daşıyır?

Təhsilin dünyəviliyi və vahid məktəbli geyim forması son dövrlər ictimai müzakirələrdə diqqət çəkən məsələlərdəndir. Bu mövzular ətrafında müxtəlif fikirlər səsləndirilir.

Bəs dünyəvi təhsil prinsipi nəyi ehtiva edir və vahid məktəbli geyim formasının tətbiqi hansı əhəmiyyət daşıyır? Bu yanaşmalar təhsil mühitinə, şagirdlərin dünyagörüşünə və məktəbdə bərabər imkanların təmin olunmasına necə təsir göstərir?

Mövzunu KONKRET.az-a şərh edən Filologiya üzrə fəlsəfə doktoru Orxan İsayevin sözlərinə görə, Azərbaycan dünyəvi dövlətdir və ölkəmizdə uzun illərdir multikulturalizm dəyərlərinə xüsusi önəm verilir:

“Azərbaycanda müxtəlif dinlərə, etnik qruplara və fərqli mədəniyyətlərə mənsub insanların birgəyaşayış ənənələri formalaşıb. Bu baxımdan, dini, etnik və digər fərqliliklərə hörmətlə yanaşılması, ayrı-seçkiliyin aradan qaldırılması və cəmiyyətdə tolerantlığın qorunması mühüm əhəmiyyət daşıyır.

Dünyəvi təhsil sistemində təhsil alan və verənlər bərabərdir. Bu baxımdan təhsilin bərabərhüquqlu olması üçün dünyəvilik prinsipi əsas götürülürsə, deməli qəbul olunan qərar da bu istiqamətdədir və eyni prinsiplərə xidmət göstərir. Ona görə də, düşünürəm ki, biz təhsilin dünyəviliyini, onun müasir standartlarla ayaqlaşmasını təmin etmək üçün bu məsələlərdə diqqətli olmalıyıq. Qəbul olunan qərar da əslində buna xidmət edir. Çünki orda şagirdlərin, müəllimlərin bir-birindən fərqləndirilməsi istər milli, istər dini, istərsə də fərdi baxımdan doğru deyil. Bu qərarda qısa ətək geyinməmək, uzun dırnaq saxlamamaq, aksesuar taxmamaq məsələsi də əksini tapıb. Bütün bunlar ümumilikdə təhsildə bərabərlik və dünyəvilik prinsipini təmin edir. Bu baxımdan vətəndaşlar sözügedən məsələyə bir qədər diqqətli yanaşmalıdırlar. Çünki bu, dinə qarşı bir məsələ deyil”.

Ekspert bildirib ki, Özbəkistan, Qazaxıstan, Qırğızıstan və hətta Tacikistanda təhsildə dünyəvilik prinsipi qorunur:

“Ancaq heç bir ölkədə biz də ki kimi ajiotaj yaranmayıb. Görünür kənar qüvvələrin Azərbaycan cəmiyyətinə təsiri güclüdür. Hətta gözləmədiyimiz ölkələrdən belə təzyiqlər var. Təbii ki, qaydalar universitetlərə tətbiq olunmur. Çünki tələbələr artıq yetkin insandır və öz seçimini edə bilir. Amma şagirdlərdə bərabərlik təmin olunmalıdır ki, təhsildə ayrı-seçkilik üzə çıxmasın”.

Natiq Səlim
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*