Azərbaycanda qızıl-zinət bazarında qiymətlər necədir? – AÇIQLAMAbackend

Azərbaycanda qızıl-zinət bazarında qiymətlər necədir? - AÇIQLAMA

Azərbaycanda qızıl-zinət bazarında qiymətlərin formalaşmasına təsir edən əsas amil qızılın beynəlxalq bazar kotirovkalarıdır.

KONKRET.az xəbər verir ki, bunu Milli.Az-a açıqlamasında Azərbaycan Zərgərlər Assosiasiyası İdarə Heyətinin sədrinin müavini, iqtisadçı Rövşən Əmircanov deyib.

O bildirib ki, dünya bazarında qızılın qiymətində baş verən dəyişikliklər daxili bazara da təsir göstərir, lakin onların pərakəndə satış qiymətlərinə ötürülməsi dərhal və eyni nisbətdə baş verməyə bilər.

“Bu prosesə məhsulun tədarük və satış xərcləri, eləcə də işçilik, dizayn, istehsal texnologiyası və marka kimi amillər təsir edir. Hazır zinət əşyasının qiymətinə onun üzərindəki qiymətli daşların xüsusiyyətləri də daxil olduğundan, eyni əyarda və çəkidə olan məmulatların satış qiymətləri əhəmiyyətli dərəcədə fərqlənə bilər. Dünya bazarında qızılın ucuzlaşması mağazalardakı qiymətlərdə dərhal və eyni nisbətdə əks olunmaya bilər. Buna satışda əvvəlki qiymətlərlə alınmış məhsulların mövcudluğu və qızılın bazar qiymətinin azalmasının işçilik və digər xərcləri azaltmaması təsir göstərir.”

R.Əmircanov qeyd edib ki, sadə, daşsız qızıl-zinət əşyalarının bir qramının təxmini satış qiyməti 585 əyarda 150-170 manat, 750 əyarda 190-220 manat, 999 əyarda isə 240-260 manat təşkil edir. Bu qiymətlər işçilik, dizayn, marka və digər xüsusiyyətlərdən asılı olaraq dəyişə bilər.

“Bazarın vəziyyətinə istehlakçı tələbi və alış davranışı da təsir göstərir. Toy, nişan və hədiyyə məqsədli alışlarla gündəlik istifadə üçün edilən alışların motivləri fərqləndiyindən, qiymət artımı istehlakçıların seçimlərinə də təsir edə bilər. Belə hallarda alıcı nəzərdə tutduğu büdcəni artırmaq əvəzinə daha az çəkili məhsula üstünlük verə bilər. Buna görə bazarın qiymətləndirilməsi zamanı satış dövriyyəsi ilə yanaşı, satılan məhsulların çəkisi və çeşidi, eləcə də istehlak tələbinin strukturu nəzərə alınmalıdır. Qiymətli daşlar bazarında qiymətəmələgəlmə qızıl bazarından fərqli meyarlar əsasında baş verir. Brilyantın dəyəri karat çəkisi, rəngi, saflığı və cilalanma keyfiyyəti birlikdə nəzərə alınmaqla müəyyən olunur. Yaqut, sapfir və zümrüd üçün isə rəngin keyfiyyəti, daşın təbii mənşəyi və əlavə emala məruz qalıb-qalmaması mühüm qiymət amilləridir. Bu səbəbdən eyni çəkidə və zahirən oxşar görünən daşların qiymətləri arasında böyük fərq yarana bilər; qızılın ucuzlaşması da qiymətli daşların dəyərinin eyni nisbətdə azalması demək deyil.”

İqtisadçı vurğulayıb ki, beynəlxalq almaz bazarında laboratoriyada yetişdirilmiş daşların rəqabəti, xüsusilə qiymətə həssas məhsul kateqoriyalarında, bazar dinamikasına təsir göstərir.

Buna görə satış zamanı daşın mənşəyi və keyfiyyət göstəriciləri barədə məlumatların aydın təqdim olunması vacibdir. Alıcı yalnız daşın ölçüsünə və görünüşünə əsaslanmamalı, yüksək dəyərli alışlar zamanı etibarlı laboratoriyanın rəyini də nəzərə almalıdır. İstehlakçılara qızıl-zinət əşyası alarkən məmulatın üzərində dövlət əyar damğasının olmasını yoxlamaq, məhsulun çəkisi, əyarı və daşları barədə məlumatlarla tanış olmaq, həmçinin alış qəbzini əldə edib saxlamaq tövsiyə olunur. Dövlət əyar damğası məmulatın əyarının müəyyən edilmiş qaydada yoxlanıldığını və təsdiqləndiyini göstərir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*