
Nüsrət İbrahimov: “Əmlak Komitəsi hazırda ölkə üzrə bütün daşınmaz əmlak sahələrinin elektron xəritəsini hazırlayır. Yəni o xəritə hazır olduqdan sonra, fərdi evlərin sənədləşdirilməsi ilə bağlı qərar qəbul olunacaq”
Hələ 2011-ci ilin əvvəlində prezident İlham Əliyev paytaxtdakı sənədsiz evlərin sənədləşdirilməsi ilə bağlı aidiyyəti qurumlara, o cümlədən Bakı Şəhər İcra Hakimiyyətinə tapşırıq verdi. Məhz bundan sonra İcra hakimiyyətində təlimatlandırma işlərinə start verildi və bələdiyyələr bu işə cəlb olundu. Həmin sərəncamdan keçən bir neçə il ərzində bu istiqamətdə müəyyən addımlar atılsa da, hələ tam nəticə ortaya qoyulmayıb.
Bəs görəsən, sənədsiz evlərin sənədləşdirilməsi istiqamətində hansı işlər görülüb? Ümumiyyətlə, bu məsələnin həlli üçün aidiyyatı strukturlar tərəfindən lazımı addımlar atılırmı?
Konkret.az mövzunu “MBA Group” konsaltinq şirkətinin direktoru Nüsrət İbrahimovla müzakirə edib. Ekspert bildirib ki, aidiyyatı strukturlar tərəfindən bu problemin həlli istiqamətində işlər aparılır: “Artıq 130-a yaxın çoxmərtəbəli binanın istismara qəbul sənədi var. Proses davam edir. İlin sonuna qədər yəqinki son rəqəmlər hesablanacaq”.
Nüsrət İbrahimov əlavə edib ki, fərdi yaşayış evlərinin sənədləşdirilməsi istiqamətində də iş gedir: “Əmlak Komitəsi hazırda ölkə üzrə bütün daşınmaz əmlak sahələrinin elektron xəritəsini hazırlayır. Yəni o xəritə hazır olduqdan sonra, fərdi evlərin sənədləşdirilməsi ilə bağlı qərar qəbul olunacaq. Çünki elektron xəritə hazır olmadan addım atmaq mümkün deyil. Belə ki, hər ərazi üzrə nə qədər tikilinin olduğu müəyyənləşməsə, bu tikililərin vəziyyəti barədə məlumat əldə edilməsə, baş plana uyğun olub-olmadığı bilinməsə, qərar qəbul etmək çətin məsələdir. Ölkə prezidentinin sözügedən məsələ barədə göstərişi mövcuddur və Əmlak Komitəsi bu istiqamətdə işləyir. Bu məsələ bir-iki günün işi deyil. Güman edirəm ki, gələn ilin sonuna qədər ortalıqda bir sənəd olacaq və yalnız bundan sonra sənədləşdirmə ilə bağlı qərar qəbul ediləcək”.
Müşfiq Əhmədov
