Nazirlər Kabinetinin sudan ödənişli istifadə ilə bağlı yeni qərarı cəmiyyətdə haqlı narazılığa səbəb oldu. Məsul şəxslər həmin qərarı sudan səmərəli istifadəyə təşviqetmə ilə əlaqələndirir. Əslində isə bunun müxtəlif yolları var. Su qıtlığını aradan qaldırmaq üçün əhalidən pul almaq əvəzinə yağış sularından təsərrüfatda uğurla istifadə edilə bilər. Lakin niyəsə aidiyyəti qurumlar tədbir görmək əvəzinə əhalidən pul toplayır.
Mövzu ilə bağlı KONKRET.az-a danışan ekoloq Telman Zeynalov bildirib ki, Azərbaycanda yağış sularından səmərəli istifadə edilmir:
“Bu gün Azərbaycanda şirin su ehtiyatları azalıb. Bəzi bölgələrdə hətta su qıtlığı yaşanır. Kür, Araz kimi böyük çaylarımızın suyu kəskin azalıb. Bu istiqamətdə işlər görmək lazımdır. Böyük anbarlar tikilib, lakin təəssüf ki, həmin çayların suyu səmərəsiz istifadə olunur. Bu sahədə problemlər çoxdur. Kim israfçılıqla məşğul olursa, onlarla bağlı sərt qərarlar verilməlidir. Kür çayının bir qismi tamamilə quruyub. Bu, böyük bir təhlükədən xəbər verir”.

Ekoloqun fikrincə, yağış sularından səmərəli istifadə elmin inkişafını tələb edir:
“Bu, xüsusi texnologiya, elm tələb edən məsələdir. Azərbaycanda isə elm çoxdan ölüb. Bunun üçün əlavə vəsait ayrılmalıdır. Lakin heç kim belə bir faydalı işə pul xərcləmək istəmir. Yağış sularından faydalanmaq üçün böyük anbarlar tikilməli, elmi metodika ilə həmin sudan istifadə edilməlidir. Dünya təcrübəsində bu üsuldan geniş istifadə olunur. Bizdə isə yağış suları hədər olub gedir. Aidiyyəti qurumlar bu sahədə heç bir iş aparmır. Çünki bu, heç kimi maraqlandırmır. Hər kəs öz mənfəətini, cibini güdür. Pul qazanmaq üçün təbii sərvətlərimiz necə gəldi istifadə edilir”.
Şəbnəm Mehdizadə,
KONKRET.az
