Azərbaycanın ŞƏT strategiyası: Bakı üçün yeni geosiyasi imkan, yoxsa balans siyasətinin növbəti mərhələsi?
Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatı ilə münasibətlərinin son illərdə daha çox diqqət çəkməsi təsadüfi deyil. Bunun arxasında həm beynəlxalq sistemdə baş verən dəyişikliklər, həm Azərbaycanın xarici siyasətində çoxvektorlu yanaşmanın gücləndirilməsi, həm də ölkənin Şərq-Qərb və Şimal-Cənub nəqliyyat xətlərində öz mövqeyini möhkəmləndirmək cəhdi dayanır. Hazırda ŞƏT-in 10 tamhüquqlu üzvü var: Çin, Rusiya, Hindistan, Pakistan, İran, Belarus, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Özbəkistan. Azərbaycan isə təşkilatda tərəfdaş statusundadır. 2025-ci ildə ŞƏT-in institusional inkişafı istiqamətində mühüm qərarlar qəbul edilib və təşkilat 2035-ci ilədək inkişaf strategiyasını müəyyənləşdirib. Bu mənada Azərbaycanın ŞƏT-ə marağını yalnız siyasi təşkilata yaxınlaşmaq kimi qiymətləndirmək doğru olmaz. Burada ilk növbədə nəqliyyat, enerji, ticarət, investisiya və regional təhlükəsizlik maraqları dayanır.
Azərbaycan üçün əsas üstünlük coğrafi mövqedir…
Azərbaycanın Xəzər üzərindən Mərkəzi Asiyanı Cənubi Qafqaz və Avropa ilə birləşdirən mövqeyi Bakını təşkilat üçün də əhəmiyyətli tərəfdaş edə bilər. ŞƏT-in öz sənədlərində Mərkəzi Asiyanın təşkilatın əsas coğrafi nüvələrindən biri olduğu vurğulanır. Azərbaycan isə məhz bu regionu Qərb bazarlarına çıxaran nəqliyyat və enerji marşrutlarında mühüm rol oynayır.
Burada əsas məsələ Orta Dəhlizdir. Çin və Mərkəzi Asiyadan gələn yüklərin Xəzər vasitəsilə Azərbaycana, daha sonra Gürcüstan və Türkiyə üzərindən Avropaya daşınması Azərbaycanın geoiqtisadi əhəmiyyətini artırır. Deməli, Bakı üçün ŞƏT yalnız diplomatik platforma deyil, eyni zamanda özünü Avrasiya logistika xəritəsinin əsas mərkəzlərindən biri kimi təqdim etmək üçün əlavə imkan yaradır.
Azərbaycan Xarici İşlər Nazirliyi də ŞƏT çərçivəsində əməkdaşlığın nəqliyyat layihələri, o cümlədən Şərq-Qərb və Şimal-Cənub dəhlizləri baxımından əhəmiyyətini xüsusi vurğulayıb.
Çin faktoru ayrıca əhəmiyyət daşıyır…
Azərbaycanın ŞƏT-ə münasibətində Çin amilini nəzərdən qaçırmaq olmaz. 2024-cü ildə Azərbaycan və Çin münasibətlərini strateji tərəfdaşlıq səviyyəsinə yüksəldib. Həmin sənəddə Çin Azərbaycanın ŞƏT çərçivəsində əməkdaşlığı gücləndirmək istəyini dəstəklədiyini bəyan edib. Bu, Bakının ŞƏT siyasətində ən mühüm məqamlardan biridir. Çünki Azərbaycan üçün Çin sadəcə böyük ticarət tərəfdaşı deyil. Çin həm də Orta Dəhlizin əsas başlanğıc nöqtələrindən biridir. Azərbaycan isə həmin marşrutun Xəzərdən sonrakı mühüm həlqələrindən birinə çevrilməyə çalışır. Ona görə də Bakı üçün Çinlə münasibətlərin inkişafı avtomatik olaraq nəqliyyat və logistika məsələsinə çevrilir. Digər tərəfdən, Türkiyə amili də, Azərbaycan üçün ŞƏT-i daha da maraqlı edir. Türkiyə hazırda tərəfdaş statusundadır. Ankara 2012-ci ildən təşkilatla dialoq tərəfdaşı kimi əməkdaşlıq edir və ŞƏT çərçivəsində enerji, təhlükəsizlik və regional bağlantılar kimi məsələlərdə iştirak edir. Bu fakt Azərbaycan üçün xüsusi əhəmiyyət daşıyır. Çünki Bakı eyni vaxtda həm Türk Dövlətləri Təşkilatının, həm də ŞƏT-in kəsişdiyi coğrafiyada yerləşir. Türkiyə, Qazaxıstan, Qırğızıstan və Özbəkistan kimi türk dövlətlərinin müxtəlif formalarda ŞƏT platformasında iştirakı iki təşkilat arasında potensial əlaqələrin genişlənməsi üçün zəmin yaradır. Bu gün TDT və ŞƏT formal olaraq eyni təşkilat deyil və onların birləşməsi barədə konkret mexanizm yoxdur. Lakin gələcəkdə nəqliyyat, enerji, rəqəmsal bağlantı, ticarət və təhlükəsizlik kimi sahələrdə paralel əməkdaşlıq mexanizmlərinin formalaşması mümkündür. Azərbaycan üçün belə bir perspektiv olduqca əlverişlidir. Çünki Bakı özünü yalnız Cənubi Qafqaz ölkəsi kimi deyil, Türk dünyası ilə Çin, Mərkəzi Asiya və Avropa arasında bağlantı nöqtəsi kimi təqdim edə bilər.
Pakistan faktoru da nəzərə alınmalıdır…
Pakistanın ŞƏT-in tamhüquqlu üzvü olması da Azərbaycanın mövqeyi baxımından maraqlıdır. Pakistan həm Azərbaycanla yaxın siyasi münasibətlərə malikdir, həm də Cənubi Asiyanın mühüm dövlətlərindən biridir. Beləliklə, Azərbaycan üçün ŞƏT platformasında Çin, Mərkəzi Asiya, Pakistan və Türkiyə ilə müxtəlif formatlarda əlaqələri bir-birinə bağlamaq imkanı yaranır. Bu, Bakının xarici siyasətində istifadə etdiyi çoxşaxəli tərəfdaşlıq modelinə uyğundur. Burada əsas məqsəd bir bloka qoşulmaqdan daha çox, müxtəlif güc mərkəzləri ilə paralel münasibətlər qurmaqdır.
Bəs Azərbaycanın ŞƏT-də əsas qazancı nə ola bilər?
Birinci nəqliyyat, daha sonra enerji, investisiya və ticarət ölkəmiz üçün əsas qazanc mənbəsi kimi xarakterizə edilir. Belə ki, Azərbaycan artıq enerji ixracatçısı olmaqla yanaşı, Mərkəzi Asiya ilə Avropa arasında yaşıl enerji bağlantılarının qurulmasında da rolunu artırmağa çalışır. 2026-cı ilin iyununda Azərbaycan ŞƏT-in enerji nazirlərinin toplantısında iştirak edib və Mərkəzi Asiya–Azərbaycan yaşıl enerji dəhlizinin əhəmiyyətini vurğulayıb. Üstəlik, Çin və Mərkəzi Asiya ölkələri ilə iqtisadi əlaqələrin genişlənməsi Azərbaycanın qeyri-neft sektoruna əlavə imkanlar yarada bilər. Dünya getdikcə daha çox rəqabətli güc mərkəzlərinə bölünür. Belə şəraitdə Azərbaycan üçün yalnız bir istiqamətdən asılı olmayan xarici siyasət yürütmək vacibdir. Bu baxımdan Bakı üçün əsas strateji məqsəd ŞƏT-ə sadəcə daha yüksək status əldə etmək deyil. Daha vacib məsələ Azərbaycanın nəqliyyat, enerji və iqtisadi imkanlarını ŞƏT ölkələrinin maraqları ilə birləşdirməkdir. İndi əsas sual budur: Azərbaycan həmin platformalardan konkret iqtisadi və strateji dividendləri necə əldə edəcək?
Məhz bundan sonrakı mərhələdə ŞƏT siyasətinin real nəticəsi görünəcək.
Müşviq Tofiqoğlu
KONKRET.az



