Azərbaycan səhiyyəsi nə zaman əhalini qane edəcək? – Ekspertdən İSLAHAT ÇAĞIRIŞIbackend

Azərbaycan səhiyyəsi nə zaman əhalini qane edəcək? – Ekspertdən İSLAHAT ÇAĞIRIŞI

Azərbaycanda səhiyyə xidmətlərinin keyfiyyəti, tibbi xidmətlərə əlçatanlıq və vətəndaşların müalicə üçün xaricə üz tutması son illər cəmiyyətdə geniş müzakirə olunan məsələlərdəndir. Xüsusilə ağır xəstəliklər zamanı azərbaycanlıların Türkiyə, İsrail, Almaniya və digər ölkələrin səhiyyə sistemlərinə müraciət etməsi Azərbaycanda mövcud problemlərin səbəbləri ilə bağlı suallar doğurur.

Bəs Azərbaycanda səhiyyə xidmətləri nə zaman əhalini tam qane edəcək? Vətəndaşlar niyə müalicə üçün xarici ölkələrə üz tutmağa davam edirlər? Səhiyyə sistemindəki problemlərin aradan qaldırılması üçün hansı addımlar atılmalıdır?

Mövzu ilə bağlı KONKRET.az-a danışan Azərbaycan Tibb Universitetinin Farmakologiya kafedrasının dosenti Aydın Əliyev bildirib ki, səhiyyə sahəsində mövcud problemləri yalnız bir istiqamətlə əlaqələndirmək düzgün deyil.

Dosent deputata CAVAB verdi: "Bu, mütləq olmalıdır!" — TodayPress.tv

Onun sözlərinə görə, insan orqanizmi ayrı-ayrı orqanlardan ibarət olduğu kimi, dövlətin idarəetmə sistemi də müxtəlif nazirlik, komitə və qurumlardan təşkil olunur:

“İnsanın bədənində bir yer ağrıyan kimi digər orqanlar da həmin ağrını hiss edir. İnsan sağlamlığında problem varsa, deməli, digər sahələrdə də ciddi çatışmazlıqlar mövcuddur. İnsanların səhiyyə sisteminə bu qədər müraciət etməsinin səbəblərinə kompleks şəkildə yanaşmaq lazımdır”.

Aydın Əliyev hesab edir ki, insanların sağlamlığına təsir edən amillər yalnız xəstəliklərin müalicəsi ilə məhdudlaşmır. Onun fikrincə, havanın, suyun və qidanın keyfiyyəti də əhalinin sağlamlığına birbaşa təsir göstərir və nəticədə səhiyyə sisteminin üzərinə düşən yük artır:

“Hava, su, qida nə gündədir? Yemək-içmək nə vəziyyətdədir? Bütün bunlar insan orqanizminə təsir edir. Keyfiyyətsiz məhsullar sağlamlığa ciddi zərər vura bilər. Hətta dərmanların çoxunu xaricdən gətiririk və onların keyfiyyətinə də hər zaman tam cavabdeh ola bilmirik. Nəticədə bütün ağırlıq səhiyyə sahəsinin üzərinə düşür”.

Dosent səhiyyə sisteminin özündə də müəyyən problemlərin olduğunu vurğulayıb. Onun sözlərinə görə, məsələyə yalnız xəstəxanalar və həkimlər prizmasından yanaşmaq kifayət deyil:

“Səhiyyədə çatışmayan cəhətləri üstün örtmürəm. Var. Səhiyyənin özü də bir neçə istiqamətə bölünüb. TƏBİB, qida təhlükəsizliyi və digər sahələr var. Bunların hamısı ümumi problemin tərkib hissəsidir”.

Aydın Əliyev Azərbaycanda peşəkar və savadlı həkimlərin kifayət qədər olduğunu da qeyd edib. Onun sözlərinə görə, xarici ölkələrdə çalışan azərbaycanlı tibb mütəxəssislərinin sayı da bunun göstəricilərindən biridir:

“Bizdə savadlı həkimlərimiz çoxdur. Nə qədər həkimimiz xaricdə işləyir. Təkcə Almaniyada 5 minə yaxın Azərbaycan Tibb Universitetinin məzunu olan tibb işçisi çalışır. Necə oldu ki, biz qiymət vermədik, Almaniya verdi? İsraildə, ABŞ-də, Türkiyədə və digər Avropa ölkələrində nə qədər azərbaycanlı həkim çalışır”.

Ekspert hesab edir ki, ağır xəstəliklər zamanı vətəndaşların müalicə üçün xaricə üz tutmasının səbəbləri də ayrıca araşdırılmalıdır. Onun fikrincə, problemin həlli üçün ilk növbədə insanların hansı səbəblərdən xarici səhiyyə sistemlərinə üstünlük verdiyi dəqiq müəyyənləşdirilməlidir:

“Ağır xəstələrimiz olub, əlacsızlıqdan istənilən yerə əl atırlar. Çatışmayan cəhətlərə ətraflı yanaşmaq lazımdır. Səbəb axtaraq. İnanıram ki, həllini tapacaq”.

Aydın Əliyev Azərbaycanın tibb tarixində mühüm xidmətləri olan alim və həkimlərin fəaliyyətinə də diqqət çəkib. O, professor İbrahim Topçubaşovun müharibə illərində ağrıkəsici vasitələrin hazırlanması istiqamətində gördüyü işləri nümunə göstərib:

“İbrahim Topçubaşov 1941-1945-ci illər müharibəsi zamanı ağrıkəsici maddə tapılmadığı bir dövrdə efir yağlarından istifadə etməklə bağlı mühüm işlər görüb. Lakin həmin dövrdə SSRİ tərəfindən onun əməyinə lazımi qiymət verilmədi”.

Ekspertin sözlərinə görə, laborator analizlərin aparılması imkanları, müasir tibbi avadanlıqların mövcudluğu və digər texniki məsələlər də ayrıca araşdırılmalıdır:

“Laborator analizlər, alətlər çatışmırsa, bu, başqa məsələdir. Hər bir çatışmazlığa ayrıca və ətraflı yanaşmaq, səbəbini müəyyənləşdirmək lazımdır”.

Aydın Əliyev hesab edir ki, ölkədə mövcud problemlər yalnız səhiyyə sistemi ilə məhdudlaşmır və onların aradan qaldırılması üçün kompleks islahatlara ehtiyac var. Onun fikrincə, iqtisadi və sosial sahələrdə problemlərin həlli səhiyyə sisteminə də müsbət təsir göstərə bilər:

“Prezidentimiz torpaqları azad etdi. Onun bir sözü oldu ki, ölkədə siyasi və iqtisadi islahatlara ehtiyac var. Bu, ümumi bir bəladır, ümumi çatışmayan cəhətimizdir. İnanıram ki, bu çatışmazlıqlar aradan qalxacaq”, – deyə ekspert əlavə edib.

Aynurə İsmayıl
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*