ŞƏT Azərbaycan üçün hansı imkanları yaradır? – Mühüm məqamlar AÇIQLANDIbackend

ŞƏT Azərbaycan üçün hansı imkanları yaradır? – Mühüm məqamlar AÇIQLANDI

“Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) Azərbaycan üçün ilk növbədə siyasi dialoq, təhlükəsizlik və Avrasiyanın geniş coğrafiyasında iqtisadi əlaqələrin şaxələndirilməsi baxımından əhəmiyyətlidir. Təşkilatda Çin, Rusiya, Pakistan və Mərkəzi Asiya ölkələrinin təmsil olunması bu platformanı Bakı üçün kifayət qədər geniş siyasi və iqtisadi imkanlar məkanına çevirir.

Burada Azərbaycanın xarici siyasətinin əsas xüsusiyyəti də özünü göstərir. Bakı hər hansı geosiyasi bloklaşmanın iştirakçısına çevrilməyi deyil, müxtəlif güc mərkəzləri ilə qarşılıqlı hörmət, bərabərlik və milli maraqlar prinsipləri əsasında əməkdaşlıq etmək xəttini üstün tutur. Bu baxımdan, ŞƏT Azərbaycan üçün mövcud əlaqələri tamamlayan əlavə platformadır”.

Bu fikirləri Milli Məclisin deputatı Elçin Mirzəbəyli səsləndirib.

Elçin Mirzəbəyli YAP-a üzv olub?

Deputat bildirib ki, Azərbaycanın coğrafi mövqeyi ŞƏT çərçivəsində əməkdaşlığa xüsusi məzmun verir:

“Ölkəmiz Şərqlə Qərbin, Şimalla Cənubun kəsişməsində yerləşir. Bakı-Tbilisi-Qars dəmir yolu, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, inkişaf edən avtomobil yolları və gömrük infrastrukturu Azərbaycanı Orta Dəhlizin əsas halqalarından birinə çevirib. Çin və Mərkəzi Asiya ölkələri üçün Avropa bazarlarına çıxışın Azərbaycan üzərindən təmin olunması isə bu coğrafi üstünlüyü artıq konkret iqtisadi dəyərə çevirir.

Eyni zamanda, Şimal-Cənub nəqliyyat dəhlizi Azərbaycanın geoiqtisadi əhəmiyyətini daha da artırır. Rusiya, Azərbaycan, İran və Cənubi Asiyanı birləşdirən bu marşrut Orta Dəhlizi tamamlayan istiqamət kimi nəzərdən keçirilə bilər. Beləliklə, Azərbaycan öz ərazisindən keçən müxtəlif nəqliyyat xətlərini bir-birinə alternativ deyil, vahid regional bağlantı sisteminin elementləri kimi formalaşdırmaq imkanına malikdir”.

E.Mirzəbəyli qeyd edib ki, ŞƏT məkanında Azərbaycanın enerji potensialı da xüsusi əhəmiyyət daşıyır.

 

“Ölkəmiz uzun illərdir etibarlı enerji tərəfdaşı kimi tanınır. Lakin Azərbaycanın enerji siyasəti yalnız ənənəvi enerji resursları ilə məhdudlaşmır. Günəş, külək və digər bərpaolunan enerji mənbələri hesabına “yaşıl enerji” potensialının genişləndirilməsi Bakının ŞƏT ölkələri ilə əməkdaşlığının yeni istiqamətlərini formalaşdıra bilər. Enerji, tranzit, rəqəmsal bağlantılar, kənd təsərrüfatı, turizm və humanitar sahələr qarşılıqlı faydalı əməkdaşlıq üçün real imkanlar yaradır”.

Deputatın sözlərinə görə, Azərbaycanın ŞƏT ölkələri ilə ikitərəfli münasibətləri də bu platformanın potensialını artıran mühüm amildir.

O, Özbəkistanla münasibətləri bunun ən parlaq nümunələrindən biri kimi qiymətləndirib:

“Bakı və Daşkənd arasında əlaqələr tarixi, mədəni və dil yaxınlığından siyasi müttəfiqliyə qədər inkişaf edib. İqtisadiyyat, sənaye, kənd təsərrüfatı, nəqliyyat, investisiya və hərbi-texniki əməkdaşlıq istiqamətlərində münasibətlərin sürətlə genişlənməsi göstərir ki, Azərbaycan üçün Mərkəzi Asiya strateji tərəfdaşlıq məkanıdır.

Özbəkistan, Qazaxıstan və Qırğızıstanın Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin bərpasına göstərdiyi mənəvi və praktiki dəstək də bu münasibətlərin xüsusi xarakterini nümayiş etdirir”.

E.Mirzəbəyli qeyd edib ki, Qazaxıstanla münasibətlərdə Xəzər dənizi, enerji, türk dünyasının inteqrasiyası və Orta Dəhliz əsas istiqamətləri təşkil edir:

“Qazaxıstan yüklərinin Azərbaycan ərazisindən Avropaya daşınması, liman və dəmir yolu infrastrukturlarının əlaqələndirilməsi təkcə ikitərəfli münasibətlərin deyil, bütövlükdə regionun iqtisadi xəritəsinin dəyişməsinə təsir edən prosesdir.

Çinlə münasibətlər də eyni kontekstdə xüsusi əhəmiyyət daşıyır. Azərbaycan Pekinin “Bir kəmər, bir yol” təşəbbüsünün praktiki reallaşdırılmasında fəal iştirak edən ölkələrdən biridir. Bakı Limanı, dəmir yolu infrastrukturu, logistika mərkəzləri və rəqəmsal gömrük imkanları Çin-Avropa ticarətinin inkişafında Azərbaycanın rolunu artırır.

Gələcəkdə investisiya, yüksək texnologiyalar, elektron ticarət və yaşıl enerji sahələrində əməkdaşlığın genişləndirilməsi üçün də ciddi potensial mövcuddur”.

Deputat Pakistanla münasibətlərin isə əsasən siyasi etimad və qarşılıqlı dəstək üzərində qurulduğunu vurğulayıb:

“Azərbaycanın ərazi bütövlüyünü ardıcıl şəkildə dəstəkləyən Pakistanla müdafiə, təhsil, iqtisadiyyat və humanitar sahələrdə əlaqələrin genişləndirilməsi Bakının ŞƏT daxilində özünə yaxın tərəfdaşlara malik olmasının başqa bir göstəricisidir.

Bu mənzərəyə Mərkəzi Asiyanın digər ölkələri ilə inkişaf edən münasibətləri də əlavə etdikdə Azərbaycanın ŞƏT coğrafiyası ilə əlaqələrinin sistemli xarakter daşıdığı aydın görünür”.

E.Mirzəbəyli hesab edir ki, Bişkek sammitinin əhəmiyyəti yalnız siyasi diskursla ölçülməməlidir. Onun fikrincə, Azərbaycan üçün əsas məsələ konkret iqtisadi və nəqliyyat qərarlarının gündəmə gətirilməsidir:

“Gömrük prosedurlarının sadələşdirilməsi, liman və dəmir yolu infrastrukturlarının əlaqələndirilməsi, rəqəmsal yükdaşıma sistemlərinin tətbiqi Orta Dəhlizin səmərəliliyini artıra, daşınma müddətini və xərclərini azalda bilər.

Burada Azərbaycanın postmünaqişə dövründə formalaşdırdığı regional yanaşma da diqqət çəkir. Bakı Cənubi Qafqazda davamlı sülh, kommunikasiyaların açılması və iqtisadi əməkdaşlığa əsaslanan yeni münasibətlər sisteminin tərəfdarıdır. ŞƏT ölkələrinin bu yanaşmanı dəstəkləməsi regional sabitliyin möhkəmlənməsinə əlavə töhfə verə bilər”.

Aynurə İsmayıl
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*