Estoniya kəşfiyyatının rəhbəri: “Rusiyada inqilab bir gecədə baş verə bilər”backend

Estoniya kəşfiyyatının rəhbəri: “Rusiyada inqilab bir gecədə baş verə bilər"

Estoniyanın Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Kaupo Rozin “The Telegraph” nəşrinə verdiyi geniş müsahibədə Rusiyanın vəziyyətindən, Vladimir Putinə yaxın əhatədəki əhval-ruhiyyədən, yeni səfərbərliyin ehtimalından və NATO üçün təhlükələrdən danışıb.

KONKRET.az xəbər verir ki, Estoniya kəşfiyyatı Rusiyada baş verənlərdən ən çox xəbərdar olan qurumlardan biri hesab olunur. Hələ 2022-ci ildə MI6-nın o vaxtkı rəhbəri Riçard Mur estoniyalı həmkarlarının işinin yüksək səviyyəsini qeyd edərək onu açıq şəkildə “parlaq” adlandırmışdı.

Rozinin sözlərinə görə, bu gün Rusiya prezidenti elə bir seçim qarşısında qalıb ki, istənilən variant onun üçün ciddi risklər daşıyır.

“Onun tirajladığı mesaj odur ki, Rusiyanın qələbəsi gec-tez gələcək, sadəcə olaraq davam etmək lazımdır. Lakin əmin deyiləm ki, Putinin ətrafındakılar buna o qədər də əmindirlər”, — deyə o bildirib.

Kəşfiyyat rəhbərinin qiymətləndirməsinə görə, Rusiya liderinin ətrafında mövcud kursa yenidən baxmağın zəruri olduğunu düşünənlərin səsləri güclənir.

“Bu mərhələdə onun yalnız pis variantları qalıb. Müharibənin davam etdirilməsi Rusiyada ağır itkilərin, iqtisadi vəziyyətin, daxili problemlərin və gərginliyin artması riski daşıyır. Müəyyən bir mərhələdə, əgər ətrafındakı insanlar onsuz davam etməyin daha yaxşı olduğuna qərar versələr, bu, onun siyasi gələcəyinə təsir edə bilər”, — deyə Rozin qeyd edib.

Lakin müharibənin dayandırılması da Putin üçün zəif görünmək riski ilə üz-üzədir.

“Obyektiv olaraq Rusiya indi çox ağır vəziyyətdədir və ölkə daxilində bir çoxları bunu başa düşür, xüsusilə də iqtisadi dairələrin nümayəndələri və ehtimal ki, oliqarxların bir hissəsi. Əminəm ki, onların arasında ciddi müzakirələr gedir”, — deyə Estoniya kəşfiyyatının rəhbəri bildirib.

Onun iddiasına görə, Rusiyanın döyüş meydanındakı itkiləri artıq yeni hərbçilərin cəlb edilməsi imkanlarını üstələyir, iqtisadiyyat isə ciddi təzyiq altındadır. Əlavə faktor kimi Ukraynanın neft infrastrukturuna endirdiyi uzaqmənzilli zərbələr çıxış edib.

Rozin iddia edir ki, Rusiyanın bu ilki büdcə kəsiri 10 trilyon rubla yaxınlaşa bilər — bu, ölkənin hərbi büdcəsinin təqribən yarıdan çoxudur. Eyni zamanda, sanksiyalar Moskvanın beynəlxalq maliyyə bazarlarına çıxışını xeyli çətinləşdirir.

“Sual yaranır ki, onlar bu problemi necə həll edəcəklər. Ehtimal ki, vergiləri artırmaq, oliqarxların və şirkətlərin pullarını dövlət büdcəsinə cəlb etmək hesabına. Bu isə daxili narazılıq və təzyiq üçün əlavə səbəblər yaradır”, — deyə o hesab edir.

Rozinin sözlərinə görə, müharibədən narazılıq Rusiya cəmiyyətinin müxtəlif təbəqələrinə — adi vətəndaşlardan tutmuş iri biznes nümayəndələrinə qədər yayılır.

“Getdikcə daha çox rusiyallı bu müharibəni istəmir. Sual bundadır ki, bu, Putinin qərarlarının qəbul edilməsinə nə dərəcədə təsir göstərir”, — deyə o bildirib.

Bununla belə, kəşfiyyat rəhbəri Rusiyada küçə inqilabını Kreml üçün birbaşa təhlükə hesab etmir. Onun fikrincə, pullara, silaha və informasiyaya çıxışı olan insanlar arasındakı əhval-ruhiyyə qat-qat vacibdir.

“Bu dairələrdə artıq tam qələbədən danışmırlar. İnsanlar müxtəlif ssenariləri və ilk növbədə bu müharibəni necə düzgün başa çatdırmağı müzakirə edirlər”, — deyə Rozin qeyd edib.

Lakin əgər Rusiyada siyasi dəyişikliklər hər halda başlasa, onlar sürətlə baş verə bilər.

“Əgər Rusiyada nəsə dəyişsə, bu, çox tez baş verəcək və hamımız təəccüblənəcəyik. Əgər bu, nə vaxtsa baş verərsə, sözün əsl mənasında bir gecədə baş verə bilər”, — deyə o bildirib.

Rozin misal olaraq Yevgeni Priqojinin 2023-cü ilin iyunundakı qiyamını xatırladıb.

“Bizim üçün bu, sistemin içəridən nə qədər boş ola biləcəyinin sübutu oldu. Belə rejimlər çöldən çox möhkəm görünür, lakin içəridən gözlənilmədən zəif ola bilərlər”, — deyə o bildirib.

Rozin ayrıca olaraq Rusiyada yeni səfərbərliyin ehtimalını şərh edib. Onun sözlərinə görə, Rusiya cəmiyyətində artıq onun qaçılmaz olması ilə bağlı inam geniş yayılıb.

“Hər kəs “bilir” ki, səfərbərlik olacaq. Bu barədə çox danışırlar. Demək olar ki, hər kəsin orduda bunun baş verəcəyini iddia edən bir tanışı var”, — deyə o danışıb.

Estoniya kəşfiyyatı rəhbərinin qiymətləndirməsinə görə, sistemin özü artıq səfərbərliyin keçirilməsinə hazırdır, lakin hələlik qəti siyasi qərar qəbul edilməyib. Onun yaxın vaxtlarda elan olunması ehtimalını o, təqribən 50-nin 50-yə kimi qiymətləndirib.

Rozin həmçinin Rusiyanın NATO ilə birbaşa toqquşması təhlükəsindən də danışıb. Onun fikrincə, indi Moskva Şimali Atlantika Müqaviləsinin kollektiv müdafiə haqqında 5-ci maddəsinin qüvvədə qaldığını başa düşür.

“Ona görə də yaxın perspektivdə biz heç bir təhlükə görmürük”, — deyə o qeyd edib.

Estoniya kəşfiyyatının qiymətləndirməsinə görə, azı yaxın bir il ərzində Rusiyanın NATO ölkəsinə adi hərbi hücum etməsi mümkünsüzdür. Lakin bundan sonrakı vəziyyət Qərbin birliyini və çəkindirmə qabiliyyətini qoruyub-saxlamasından asılı olacaq.

“Əgər biz Rusiya təhlükəsinə ciddi yanaşırıqsa, müdafiəyə sərmayə yatırmağa davam ediriksə, etibarlı çəkindirməni və resurslarla təmin olunmuş müdafiə planlarını qoruyub saxlayırıqsa, o zaman Rusiyanı çəkindirmək olar”, — deyə Rozin bildirib.

Eyni zamanda o xəbərdarlıq edib: əgər Qərb ölkələri özləri bu sistemi zəiflətsələr, Moskva öz hesablamalarına yenidən baxa bilər.

Rozin digər ciddi təhlükə kimi Rusiyanın Avropadakı diversiya və təxribat əməliyyatlarını qeyd edib. Onun sözlərinə görə, “hibrid müharibə” termini baş verənləri artıq çox yumşaldır.

“Bunlar diversiyalar, qeyri-ənənəvi əməliyyatlar, kiberhücumlar və informasiya müharibəsidir. Söhbət diversiya kampaniyasından gedəndə isə “dövlət terrorizmi” terminindən də istifadə etmək olar, çünki texniki cəhətdən məhz budur”, — deyə kəşfiyyat rəhbəri bildirib.

Onun sözlərinə görə, belə əməliyyatların əsas hədəfləri Avropanın Ukraynanı silahla təchiz etdiyi müdafiə sənayesi müəssisələri və logistika obyektləri olur.

Rozin hesab edir ki, hələlik Avropa xüsusi xidmət orqanlarına belə hərəkətlərin qarşısını əsasən almaq müvəffəq olur və Rusiyanın kampaniyası Avropanın Kiyevi dəstəkləmək əzmini sarsıda bilməyib.

Rəsmiyyə Şərifova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*