Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsində 2025-ci ilin yekunlarına və cari il üçün plan və hədəflərə həsr olunmuş geniş müşavirə keçirilib.
KONKRET.az xəbər verir ki, müşavirədə 2025-ci il ərzində görülmüş işlər ətraflı təhlil olunub, əldə edilən nəticələr qiymətləndirilib və qarşıdakı dövr üçün əsas prioritet istiqamətlər müəyyənləşdirilib. Qeyd olunub ki, qarşıdakı mərhələ daha məsuliyyətli və intensiv fəaliyyət dövrü olacaq.
Baş İdarənin rəisi Read Qasımov bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan edilməsi bu sahədə aparılan islahatların daha da dərinləşdirilməsini və yeni keyfiyyət mərhələsinə keçidi zəruri edir. Bu çərçivədə paytaxtın davamlı inkişafının təmin edilməsi, müasir şəhərsalma yanaşmalarının tətbiqi və memarlıq mühitinin keyfiyyətinin yüksəldilməsi əsas prioritetlər sırasında qalacaq.
Müşavirədə şəhərsalma nəzarəti mexanizmlərinin gücləndirilməsi, tikinti proseslərinin qanunvericiliyin tələblərinə tam uyğunluğunun təmin edilməsi və şəhər mühitinə təsir edən risklərin vaxtında qarşısının alınmasının vacibliyi xüsusi vurğulanıb. Eyni zamanda, paytaxtda icrası nəzərdə tutulan irimiqyaslı layihələr üzrə koordinasiyanın gücləndirilməsi, qabaqlayıcı planlaşdırma və kompleks yanaşmaların tətbiqi diqqət mərkəzində saxlanılıb.
Əsas müzakirə mövzularından biri də tikintiyə icazə və istismara qəbul proseslərinin sadələşdirilməsi, bu sahədə çevikliyin və şəffaflığın artırılması olub. Elektron xidmətlərin təkmilləşdirilməsi, Elektron Tikinti Portalının (e-tikinti) funksionallığının genişləndirilməsi və müraciətlərin operativ şəkildə, vətəndaş məmnunluğu prinsipləri əsasında icrası prioritet istiqamətlər kimi qeyd edilib.
Vurğulanıb ki, əsas məqsəd Bakının Baş Planına uyğun olaraq dayanıqlı, insanyönümlü və müasir şəhər mühitinin formalaşdırılmasının ardıcıl şəkildə davam etdirilməsidir.
Müşavirənin sonunda 2026-cı il üzrə fəaliyyət planlarının icrası ilə bağlı aidiyyəti üzrə tapşırıqlar verilib.

