Bakıda yeni pul qazanmaq üsulu – Ödəniş et, yerinə namaz qılımbackend

Bakıda yeni pul qazanmaq üsulu - Ödəniş et, yerinə namaz qılım

Sosial şəbəkələrdə bəzən dini mövzularla bağlı müxtəlif iddialar və elanlar yayılır ki, bunlar cəmiyyət arasında suallar və müzakirələrə səbəb olur. “Qəza namazını qılmaq üçün adam axtarılır” kimi paylaşımlar da diqqət çəkən məqamlardan biridir. Bəs, belə yanaşmalar İslam prinsiplərinə nə dərəcədə uyğundur və ümumiyyətlə ibadətlərin bu formada icrası dini baxımdan mümkündürmü?

KONKRET.az xəbər verir ki, məsələ ilə bağlı demokrat.az-a açıqlama verən ilahiyyatçı Fazil Əhməd bildirib ki, bir insan dünyasını dəyişdikdən sonra onun övladlarının valideynlərinin yerinə ibadət etməsi məsələsi İslam fiqhində bəzi şərtlərlə izah olunur.

“Əgər mərhumun övladı varsa, xüsusilə də böyük oğul, bəzi fiqh görüşlərinə görə valideynin üzərində qalmış qəza namazlarını yerinə yetirməsi onun üçün daha məsuliyyətli sayılır. Digər övladlar, istər oğul, istər qız, bu ibadəti yerinə yetirə bilərlər, lakin bu, onlara vacib deyil, yalnız könüllü şəkildə icra oluna bilər. Alimlərin qeyd etdiyi mühüm bir məqam budur ki, əgər vəfat edən şəxs ümumiyyətlə ömrü boyu namaz qılmayıbsa, bu halda övladlara onun qəza namazlarını yerinə yetirmək vacib sayılmır. Amma əgər həyatının müəyyən dövründə namaz qılıb və sonra üzərində qəza qalıbsa, bəzi fiqh yanaşmalarına görə bu qəza borclarının yerinə yetirilməsi övlad, xüsusilə böyük oğul üçün məsuliyyət kimi dəyərləndirilir”.

İlahiyyatçı bildirib ki, eyni yanaşma qəza oruclarına da aiddir. 

“Yəni valideynin yerinə qəzaya qalmış orucların tutulması da mümkündür və bu, övlad tərəfindən yerinə yetirilə bilər. Bəzi hallarda isə insanlar özləri ibadəti yerinə yetirə bilmədikdə, başqasına ödəniş qarşılığında bunu etdirmək məsələsi gündəmə gəlir. Lakin burada mühüm bir prinsip var, insan sağ ikən öz ibadətlərini başqasına həvalə etməsi düzgün hesab edilmir. Yəni sağ insan “mənim yerimə namaz qılın” və ya “qəza ibadətlərimi icra edin” deyə bir öhdəlik yükləyə bilməz. Bu, fiqhi baxımdan qəbul olunmayan yanaşmadır. Ölüm sonrası vəziyyətdə isə bəzi cəmiyyətlərdə və praktik yanaşmalarda bu ibadətlərin yerinə yetirilməsi üçün müəyyən şəxslərə müraciət edilir və bu iş zəhmət haqqı müqabilində icra oluna bilər. Bu zaman məsuliyyətli və bu işi düzgün yerinə yetirə biləcək şəxslərin seçilməsi vacib sayılır. Çünki ibadətin keyfiyyəti və düzgün icrası burada əsas məsələdir”.

Onun sözlərinə görə, bununla belə, əxlaq alimləri xüsusilə vurğulayırlar ki, ən doğru və üstün yol insanın öz ibadətini sağ ikən yerinə yetirməsidir. 

“Çünki heç kim insanın öz ibadətini onun əvəzinə tam şəkildə əvəz edə bilməz. İkinci mərhələdə isə övladların bu məsuliyyəti üzərlərinə götürməsi daha münasib sayılır. Əgər bu mümkün deyilsə, o zaman işi bilən, məsuliyyətli və etibarlı şəxslərə həvalə olunması tövsiyə edilir. Ümumilikdə isə əsas prinsip budur: ibadət məsuliyyəti ilk növbədə insana özünə aiddir, ölüm sonrası isə bu məsuliyyət müəyyən şərtlərlə övladlara və ya etibarlı şəxslərə keçə bilər”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*