Bakıda əhali sayının artması, nəqliyyat sıxlığı və infrastruktur problemləri paytaxtın yükünün azaldılması məsələsini yenidən gündəmə gətirib. Xüsusilə günün pik saatlarında yaranan uzunmüddətli tıxaclar şəhərin mövcud imkanlarının artan tələbatı qarşılamaqda çətinlik çəkdiyini göstərir. Bu fonda Azərbaycanın paytaxtının dəyişdirilməsi və ya dövlət qurumları ilə iri strukturların mərhələli şəkildə regionlara köçürülməsi ilə bağlı müzakirələr aktuallaşır.
Bəs Bakının paytaxt statusunun dəyişdirilməsi yaxın illərdə real ssenariyə çevrilə bilərmi? Şəhərin yükünü azaltmaq üçün hansı addımlar atılmalıdır?
Mövzu ilə bağlı KONKRET.az-a danışan iqtisadçı Razi Abbasbəyli bildirib ki, paytaxtın köçürülməsi böyük investisiya və uzunmüddətli hazırlıq tələb edən mürəkkəb prosesdir.
Onun sözlərinə görə, belə bir qərarın icrası üçün ilk növbədə yeni paytaxtın yerləşəcəyi ərazi müəyyənləşdirilməli, daha sonra həmin ərazidə zəruri şəhər infrastrukturu yaradılmalıdır:
“İlk növbədə paytaxtın hara köçürüləcəyi müəyyən edilməlidir. Daha sonra yeni ərazidə paytaxt üçün zəruri şəhər infrastrukturu qurulmalıdır. Tikinti və infrastruktur işləri başa çatdıqdan sonra dövlət qurumlarının və digər strukturların mərhələli şəkildə köçürülməsi mümkündür.
Hazırda Azərbaycanda yeni paytaxt üçün nə konkret ərazi müəyyənləşdirilib, nə tikinti işlərinə başlanılıb, nə də bu istiqamətdə hər hansı dövlət proqramı mövcuddur. Bu, yüz milyardlarla dollar vəsait tələb edə biləcək, uzun illər davam edəcək bir prosesdir. Belə bir layihə yalnız uzunmüddətli dövlət proqramı çərçivəsində həyata keçirilə bilər.
Ona görə də yaxın 10 il ərzində Bakının paytaxt statusunun ləğv ediləcəyini və yeni paytaxtın yaradılacağını gözləmək real deyil.
Hazırda dövlət büdcəsindən əsas vəsaitlər Qarabağ və Şərqi Zəngəzurda yaşayış məntəqələrinin salınmasına, infrastrukturun yenidən qurulmasına, bərpa və təmir işlərinə, əhalinin öz doğma yurdlarına qayıdışının təmin edilməsinə yönəldilir. Bu istiqamətdə hər il milyardlarla dollar vəsait xərclənir. Həmin prosesin də yaxın illərdə tam başa çatacağı gözlənilmir və böyük ehtimalla bir neçə il, hətta daha uzun müddət davam edəcək.
Bundan sonra dövlət büdcəsindən paytaxtın köçürülməsi üçün əlavə vəsait ayrılması məsələsi gündəmə gələ bilər. Hazırkı vəziyyətdə bunun necə həyata keçiriləcəyindən danışmaq hələlik real deyil”.
Bakının yükünü azaltmaq mümkündürmü?
İqtisadçı hesab edir ki, paytaxtın tamamilə köçürülməsi yaxın perspektivdə real görünməsə də, şəhərin yükünün mərhələli şəkildə azaldılması istiqamətində addımlar atmaq mümkündür.
“Bununla belə, Bakının yükünün azaldılması istiqamətində mərhələli və ciddi addımlar atmaq mümkündür. Bu barədə dəfələrlə təkliflər səsləndirilib və müxtəlif müzakirələr aparılıb.
Lakin Bakının yükünün mərhələli şəkildə azaldılması da ciddi investisiya tələb edir. Məsələn, hər hansı universitetin paytaxtdan başqa əraziyə köçürülməsi üçün həmin ərazidə universitetin fəaliyyət göstərə biləcəyi bina, kampus və digər zəruri infrastruktur yaradılmalıdır. Bu isə kifayət qədər böyük maliyyə vəsaiti tələb edir.
Hesab edirəm ki, yaxın illərdə Bakıda tıxac, sıxlıq, əlavə yüklənmə və infrastrukturla bağlı problemlər daha da dərinləşə bilər. Hazırkı şərtlər daxilində nə paytaxtın tamamilə köçürülməsi, nə də dövlət qurumlarının genişmiqyaslı şəkildə digər şəhər və rayonlara daşınması real görünür”, – deyə Razi Abbasbəyli vurğulayıb.
Beləliklə, ekspertin fikrincə, yaxın perspektivdə Bakının paytaxt statusundan məhrum edilməsi real görünmür. Bununla belə, şəhərin artan yükünün azaldılması üçün dövlət qurumlarının, universitetlərin və digər iri strukturların mərhələli şəkildə regionlara köçürülməsi istiqamətində addımlar atıla bilər.
Aynurə İsmayıl
KONKRET.az
