ABŞ prezidenti Co Bayden gələn həftə Yaxın Şərqə səfəri zamanı Səudiyyə kralı Salman bin Əbdüləziz və digər Səudiyyə liderləri, o cümlədən vəliəhd şahzadə Məhəmməd bin Salman ilə ikitərəfli danışıqlar aparacaq.
KONKRET.az Reuters agentliyinə istinadən xəbər verir ki, bu barədə informasiyanı Ağ Evin rəsmisi yayıb.
Mənbə yazır ki, ABŞ prezidenti səfəri zamanı “real həyatdan təcrid olunan şəxs” adlandırdığı Səudiyyə Ərəbistanının güclü vəliəhd şahzadəsi ilə münasibətləri bərpa etmək istəyəcək.
Analitiklərin fikrincə, ABŞ-da yanacağın qiymətinin artması, həmçinin Vaşinqtonun Yəməndə müharibəyə son qoymağa çalışması səbəbindən Baydenin dünyanın ən böyük neft istehsalçılarından biri olan Səudiyyə Ərəbistanının dəstəyinə ehtiyacı var. Ərəbistanın rəhbərlik etdiyi koalisiya bu yaxınlarda atəşkəsi uzadıb. Birləşmiş Ştatlar, həmçinin İranın Yaxın Şərqdəki təsir dairəsini və Çinin qlobal gücünü cilovlamaq fikrindədir.
Lakin Baydenin Səudiyyə Ərəbistanının vəliəhdi və faktiki lideri ilə şəxsi görüşünün olub-olmayacağı məlum deyil. Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi belə bir görüşün Co Baydenin cədvəlində olduğunu təsdiqləyib.
“Prezident Səudiyyə Ərəbistanı kralı və ölkə rəhbərliyi ilə ikitərəfli danışıqlarda iştirak edəcək”, – deyə Kirbi bildirib.
“Bildiyiniz kimi, vəliəhd bu rəhbərlik komandasındadır, ona görə də görüşdə iştirak edəcək. Ona görə də prezident vəliəhdlə daha geniş ikitərəfli müzakirə kontekstində görüşəcək”.
“Bayden, həmçinin Körfəz liderləri ilə görüşlər zamanı Yəməndə atəşkəs məsələsini müzakirə edəcək və insan haqları və enerji təhlükəsizliyi məsələlərini qaldıracaq”, deyə Kirbi əlavə edib.
Bu yaxınlara qədər ABŞ Müdafiə Nazirliyinin sözçüsü vəzifəsində çalışan Con Kirbi deyib ki, Ağ Ev rəsmiləri İran təhlükəsi qarşısında regional liderlərlə hava hücumundan müdafiə imkanlarını da müzakirə edəcəklər.
Prezident Baydenin Yaxın Şərqə səfəri iyulun 13-də başlayacaq və iyulun 16-dək davam edəcək. Onun səfəri İsraildən başlayacaq.
Roman Göytürk,
KONKRET.az
