“Bayden yaxşı başa düşür ki, Türkiyəni itirmək ona baha başa gələr” – ŞƏRHbackend

"Bayden yaxşı başa düşür ki, Türkiyəni itirmək ona baha başa gələr" - ŞƏRH

Samir Hümbətov, Asiya və Sakit Okean ölkələri üzrə siyasi ekspert

Bu gün bütün beynəlxalq siyasi kluarlarda ABŞ-ın 46-cı prezidenti C.Baydenin siyasi baxışları və həyata keçirəcək strategiyası ciddi müzakirə olunur.

Xatırladaq ki, Bayden əlli ilə yaxındır siyasətlə məşğuldur və ABŞ-ın xarici siyasət strategiyasını daha yaxşı bilənlərdən sayılır. Demək olar ki, C.Baydenin prezidentlik müddəti ABŞ-ın həm iqtisadi, həm də siyasi baxımdan böhranı dövrünə təsadüf etdi. Görünən odur ki, C.Baydeni qarşıda daha çətin məsələlər gözləyir. Bunlardan ən vacibi ABŞ-da sürətlə yayılan COVID-19 virusunun qarşısını almaq, Tramp hakimiyyətindən “miras” qalmış böhranlı ABŞ iqtisadiyyatını yenidən dirçəltmək, ABŞ-ın dünyada itirilmiş siyasi nüfuzunu bərpa etmək və.s məsələlərdir.

C.Bayden təcrübəli siyasətçidir. O, həmçinin Barak Obamanın vitse-prezidenti olmuşdu. C.Bayden hakimiyyətə gəlməmişdən əvvəl özünün xarici siyasət strategiyasının prioritetlərinin bir hissəsini açıqladı. Bu fikirlər arasında bizim üçün ən önəmlisi ABŞ-Türkiyə münasibətlərinin necə olacağıdır. Məlum məsələdir ki, uzun müddətdir rəsmi Vaşinqton və rəsmi Ankara arasında soyuq münasibətlər davam etməkdədir. Təbii ki, bunun da özünəməxsus səbəbləri var. Bu səbəblər arasında ABŞ-ın PKK-ya dəstəyi, FETÖ terror təşkilatının başçısı Fətullah Gülənə siyasi sığınacaq verməsi, Türkiyənin Rusiyadan C-400 raket komplekslərini alması, getdikcə yaxşılaşmaqda olan Türkiyə-Rusiya münasibətləri, Türkiyənin regionda artan nüfuzu və nəhayət, Qarabağ məsələsinin həllində Türkiyənin Rusiya ilə birgə ortaya qoyduğu mövqeyi və.s qeyd etmək olar.

O zaman belə sual yaranır: bundan sonra nə baş verəcək? ABŞ, yaxud Türkiyə qarşı tərəfin maraqları naminə özünün dövlət maraqlarından imtina edəcəkmi? Əlbəttə ki, xeyr. Doğrudur ki, ABŞ və Türkiyə arasında müxtəlif vaxtlarda bəzi problemlər olmuşdu, hətta bu gün də problemlər var, amma buna baxmayaraq, onlar arasında uzun illərdir müttəfiqlik münasibətləri mövcuddur. Burada ən vacib məqam Türkiyə ordusunun ABŞ-dan sonra NATO-nun ikinci ən böyük ordusu olmasıdır.

Hazırkı vəziyyətdə mövcud ziddiyyətlərin həll edilməsi və normal strateji münasibətlərin qurulması üçün Türkiyə tərəfi lazımi addımlar atır. Rəcəb Tayyib Ərdoğan C.Baydeni prezident seçilməsi münasibəti ilə təbrik etdi və bu təbrik mesajında dövlətlər arasında strateji münasibətlərin bundan sonra da inkişaf etdiriləcəyinə əminliyini ifadə etdi.

Fikrimcə, bundan sonra C.Bayden administrasiyası daimi müttəfiqi Türkiyə ilə uzunmüddətli müttəfiqlik münasibətlərini gözardı etməyəcək. C.Bayden Türkiyə ilə vəziyyəti daha çox gərginləşdirmək əvəzinə daha yaxın və uyumlu siyasət yürütməyə çalışacaq.

ABŞ-ın Türkiyə ilə münasibətlərini daha yaxşı müstəviyə qaldırması üçün bir neçə səbəbi xüsusilə qeyd etmək lazımdır; Türkiyənin NATO-nun üzvü kimi Yaxın Şərqdə, Cənubi Qafqazda, Mərkəzi Asiyada, Şimali Afrikada və Balkanlarda regional gücə çevrilməsi, Qərb dövlətlərinin enerji maraqlarını təmin edən Azərbaycanla ən yaxın dostluq və strateji müttəfiqlik münasibətlərinə malik olması və Azərbaycan neftinin və qazının Türkiyə vasitəsi ilə dünya bazarlarına çıxarılması, Türkiyə-Rusiya-İran üçlüyünün regionda formalaşdırdığı yeni siyasi şərait və.s.

C.Bayden yaxşı başa düşür ki, Türkiyənin strateji müttəfiq kimi itirilməsi ABŞ-ın bölgədəki mövqeyinin itirilməsi deməkdir. ABŞ-ın Türkiyəyə etdiyi təzyiq və sıxışdırılma siyasəti Türkiyə-Rusiya, Türkiyə-İran  münasibətlərinin daha da inkişaf etdirilməsinə şərait yaradacaq və nəticədə qərb dövlətlərinin əleyhinə bölgədə üçlü koalisiya formalaşacaq. Təbii ki, Türkiyə-Rusiya və Türkiyə-İran münasibətlərinin inkişaf etdirilməsi ABŞ üçün qəbulolunmazdır və bundan sonra ABŞ bütün gücü ilə çalışacaq ki, Türkiyə-Rusiya-İran arasında münasibətlərinin inkişafına mane olsun.

Yekun olaraq qeyd etmək lazımdır ki, C.Bayden administrasiyasında Türkiyəyə qarşı antipatiyası ilə seçilən və erməni lobbisi ilə yaxın əlaqələrdə olan şəxslərin ABŞ-ın Türkiyə ilə münasibətlərinə ciddi təsir etməsi o qədər də inandırıcı görünmür. Kiçik problemləri nəzərə almasaq, ABŞ-da bir qayda olaraq siyasi hakimiyyətlər Türkiyə ilə ciddi konfrontasiyaya girmək niyyətində olmayıblar və bundan sonra da belə halların baş verməsi tərəflər üçün arzuolunmaz hallardır. Hesab edirəm ki, bundan sonra da hər iki tərəf münasibətlərin normallaşdırılması və inkişaf etdirilməsi istiqamətində çalışacaq.

Türkiyənin ABŞ-la münasibətlərinin normal olması və regional gücə çevrilməsi təkcə Türkiyənin özü üçün deyil, eyni zamanda Azərbaycan və bütövlükə region üçün faydalı olacaq. Hadisələrin gedişindən belə nəticəyə gəlmək olar ki, yeni administrasiyanın gəlişi ilə fəallaşan erməni lobbisinin cəhdlərinə baxmayaraq, qarşıdan gələn qondarma “erməni soyqırımı” məsələsində C.Bayden Türkiyə ilə münasibətlərə zərbə vurmayacaq.

 

  • Elnurə
    Yanvar 23, 2021 - 15:11

    Doğru fikir

    • Elnurə
      Yanvar 23, 2021 - 15:19

      Doğru fikir

  • Esmira
    Yanvar 23, 2021 - 15:46

    Doğru fikirdi

  • Sveta
    Yanvar 23, 2021 - 17:14

    Çox doğru

  • Turan
    Yanvar 24, 2021 - 06:48

    Düzgün yanaşmadı.

  • Turan
    Yanvar 24, 2021 - 06:50

    Tamamilə Düzgün yanaşmadı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*