
Səudiyyə Ərəbistanındakı Qazaxıstan səfirliyi Bəhreyn polisinin köməyi ilə 21 qazaxıstanlı qızı seks köləliyindən azad edib.
KONKRET.az-ın Orta Asiya ölkələri üzrə bürosu xəbər verir ki, bu haqda Qazaxıstanın Xarici İşlər Nazirliyi bəyanat yayıb.
Bəyanatda deyilir ki, Manamaya gəldikdən sonra, zorla işəgötürənlər qızların pasportlarını ələ keçiriblər və onları intim xidmətlər göstərməyə, o cümlədən fiziki güc tətbiq etməyə məcbur ediblər.
Nazirlik, həmçinin Qazaxıstan vətəndaşlarının da olduğu şübhəlilərin hamısının tutulduğunu, istintaq tədbirlərinin davam etdiyini bildirib.
“Hazırda bütün zərərçəkənlər ixtisaslaşdırılmış reabilitasiya mərkəzindədirlər və tezliklə Qazaxıstana qayıdacaqlar” deyə mətbuat xidməti əlavə edib.
Qeyd olunur ki, qızlar fırıldaqçılıqla tez pul qazanmaq ümidi ilə Bəhreynə otel xidmətləri sektorunda işləməyə dəvət olunublar.
