Şərqi Avropa regionunda hərbi-siyasi gərginlik kritik həddə yaxınlaşıb. Belarus və Rusiya İttifaqı ilə Qərb dövlətləri arasında yarana biləcək birbaşa silahlı qarşıdurmanın qlobal müharibəyə çevrilməsi təhlükəsi mövcuddur.
KONKRET.az xəbər verir ki, bu barədə Belarusun müdafiə naziri Viktor Xrenin Moskvada keçirilən Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Müdafiə Nazirləri Şurasının iclasında bəyanatla çıxış edib.
Viktor Xrenin regiondakı mövcud hərbi vəziyyəti kəskin tənqid edərək vurğulayıb: “Şərqi Avropa regionunda mövcud vəziyyəti qiymətləndirərək konstatasiya edirik ki, KTMT-yə üzv olan Rusiya Federasiyası və Belarus Respublikasına qarşı hərbi münaqişənin başlanması, həmçinin bu münaqişənin regional səviyyədən qlobal səviyyəyə transformasiya olunması ehtimalı son dərəcə yüksəkdir”.
Nazirin sözlərinə görə, Belarus və Rusiya rəhbərliyi NATO qüvvələrinin öz sərhədləri yaxınlığında cəmləşməsini “mümkün toqquşmaya hazırlıq” kimi qiymətləndirir. O qeyd edib ki, hazırda Polşa və Baltikyanı ölkələrdə alyansın təxminən 21 min hərbçisi yerləşdirilib və bu dövlətlər eyni zamanda ərazilərindəki Amerika kontingentinin artırılmasına çalışırlar.
Xrenin həmçinin iddia edib ki, NATO öz qoşunlarının şərq sərhədlərinə köçürülməsini və Rusiya ilə Belarusa qarşı hücum əməliyyatlarını “mütəmadi olaraq məşq edir”. Belarus müdafiə idarəsinin rəhbəri blok ölkələrinin illik hərbi xərclərinin rekord həddi keçərək 1.6 trilyon dolları ötməsini də Qərbin “silahlı qarşıdurmaya ciddi şəkildə hazırlaşmasının” əsas sübutu kimi göstərib.
Natiq Səlim,
KONKRET.az
