Beriyadan iki dəfə yaxşılıq görən aktrisa onun arzusunu yerinə yetirməyib – 25 illik həbs cəzası, bəraət, qətl…backend

Beriyadan iki dəfə yaxşılıq görən aktrisa onun arzusunu yerinə yetirməyib – 25 illik həbs cəzası, bəraət, qətl...

O, bu zəngi gözləyirdi və yaxşı bilirdi ki, Lavrenti Beriya ona etdiyi köməkliyin əvəzini istəyəcək, nəyin bahasına olursa-olsun istədiyini ondan alacaq…

Beləliklə, gecədən xeyli keçmiş həmin zəng Zoya Fyodorovanın mənzilində sükutu pozub:

– Sizinlə danışan polkovnik Sarkisovdur, Lavrenti Pavloviçin köməkçisi. Sabah günorta saat 3-də sizin arxanızca maşın gələcək. Beriya sizinlə görüşmək istəyir.

Qarşı tərəfdən cavab gözləmədən dəstək asılıb. Bu həmin Sarkisov olub ki, o, Beriyanın əsasən kef məclislərinə, qadın əyləncələrinə cavabdehlik daşıyıb. Yeri gəlmişkən, qeyd edək ki, erməni polkovnik üzərinə düşən bu missiyanı həmişə “yüksək” səviyyədə həyata keçirib.

Maraqlıdır, Beriya ilə məşhur kino ulduzu Zoya Fyodorovanın arasında hansı münasibətlər olub? Beriya hansı məqsədlə aktrisa ilə görüşmək arzusuna düşüb?

Zoya Fyodorova 1907-ci ildə Peterburqda anadan olub. 1918-ci ildə ailəsi Moskvaya köçüb. Atası Kremlin pasport-masa xidmətinin rəhbəri vəzifəsində (Kreml ərazisində yaşayanların qeydiyyat məsələsi bu xidmət tərəfindən aparılıb) çalışıb, Vladimir İliç Leninlə şəxsi tanışlığı olub. Zoya məktəb illərindən aktrisalığa həvəs göstərib, dram dərnəklərinin üzvü olub. Məktəbi bitirdikdən sonra əvvəlcə orta ixtisas teatr məktəbində, daha sonra isə Moskva İnqilab Teatr Məktəbində təhsil alıb.
Tələbəlik illərindən filmlərdə epizodik rollar alan Zoya Fyodorova qısa müddətdən sonra ölkənin tanınmış rejissorlarının diqqət mərkəzində dayanıb və artıq 1930-cu illərin əvvəllərindən kino aktrisası kimi populyarlaşmağa başlayıb.

1937-ci ildə ölkədə kükrəyən repressiya dalğaları Fyodorovlar ailəsindən də yan keçməyib. Zoya Fyodorovanın atası bir sözə, Kremldəki xidmətçilərlə adi söhbətə, yaşayışdan, dolanışıqdan narazılığına görə 1938-ci ildə “NKVD”-nin qara siyahısına düşüb və 10 il müddətinə sürgünə göndərilib.

Zoya Fyodorova bütün mümkün cəhdlərə əl atsa da, atasını xilas edə bilməyib. Çıxılmaz vəziyyətdə qalan aktrisa nəhayət 3 ildən sonra şəxsən Lavrenti Beriyaya müraciət etmək qərarına gəlib. Gözəl qadınların “əsir”i olan Beriya Zoya Fyodorovanın repressiya “əsir”i olan atasını azadlığa buraxdırıb.

Atası sürgündən qayıtdıqdan sonra aktrisaya münasibət dəyişib, “xalq düşməni”nin qızı kimi o, əvvəlki illərdə olduğu qədər filmlərə dəvət almayıb. Bu cür münasibətlərə son qoyulması üçün Zoya Fyodorova əvvəlcə İosif Stalinə məktub yazıb, ancaq heç bir nəticə hasil olmayıb. Aktrisa növbəti dəfə Beriyaya üz tutub. Beriya bu məsələni də böyük “məmnuniyyətlə” yoluna qoyub. Məhz bu məsələnin həlli ilə bağlı aktrisa ilə Beriyanın bir neçə dəfə görüşləri olub. Bu görüşlər Beriyanın nazir kabinetində baş tutub və hər görüşdə də Zoya Fyodorova Beriyanın şəhvət dolu baxışları, eyhamlı komplimentləri ilə üzləşib.

Polkovnik Sarkisovun zəngindən sonra aktrisa könülsüz olsa da, səhərisi gün Beriyanın çağırışına gedib. Yüksək “mədəniyyət” nümayiş etdirən Beriya onu mehribanlıqla qarşılayıb:

– Kino ulduzu ilə görüşmək hətta ölkənin bir nömrəli komissarı (naziri) üçün böyük şərəfdir. Siz isə, Zoya Alekseyevna, yalnız işiniz düşəndən-düşənə görünürsünüz. Nəzərə alın ki, bizim də sizə işimiz düşə bilər.

Aktrisa sakitcə təşəkkürünü bildirib. Beriya isə birbaşa mətləbə keçib:

– Sabah bizim evdə kiçik bir ailə tədbiri keçiriləcək. Çox istərdim ki, sizin kimi tanınmış bir aktrisa və olduqca gözəl bir qadın da həmin tədbirdə iştirak etsin. Etiraz etmirsiniz?

– Lavrenti Pavloviç, əlbəttə ki, yox, məmnunniyyətlə iştirak edərəm…

Səhərisi gün aktrisa Beriyanın göndərdiyi maşınla onun mənzilinə yollanıb. Ancaq evdə nəinki qonaqlar, heç xidmətçilər də olmayıb. Beriya onu kiçik jurnal masasının arxasına dəvət edib, büllur qədəhinə konyak süzüb:

– Zoya Alekseyevna, təəccüblənməyin, mən sizinlə ev şəraitində görüşmək istəyirdim. Kabinet belə görüşlər üçün məqbul deyil. Düşündüm ki, evdə siz də sərbəst olarsınız.

– Lavrenti Pavloviç, mən sizi eşidirəm. Sizə nə lazımdır?

– Bir az sərbəst olun, bura çəkiliş meydançası deyil. Gözəl bir xanımdan nə istəmək olar?

Aktrisa məsələni anlayıb, ayağa durub qapıya tərəf addımlayıb:

– Siz bilirsiniz ki, mən ailəliyəm və heç də düşündüyünüz qadınlardan deyiləm.

Zoya Fyodorova qapını açıb çıxanda Beriya onun sözlərini cavabsız qoymayıb:

– Bilirəm, ailəlisiniz, özü də necə ailəli olduğunuzu da bilirəm…

Məsələ bu kiçik dialoqla bitməyib. Aradan çox keçməmiş polkovnik Sarkisov növbəti dəfə zəng vurub:

– Zoya Alekseyevna, sabah saat 5-də sizin arxanazca gələcəm, Beriya sizinlə görüşəcək.

Bu dəfə də qarşı tərəfdən cavab gözlənilmədən dəstək asılıb.

Zoya Fyodorova həmin görüşə də hazırlaşıb. Təbii ki, ortaya belə bir sual çıxır ki, aktrisa bu görüşlərdə nələrin baş verəcəyini əvvəlcədən bilərək niyə imtina etməyib. Bəli, bu heç də səbəbsiz olmayıb.

Həmin ərəfədə Zoya Fyodorovanın ABŞ-ın SSRİ-dəki səfirliyində çalışan diplomat Cekson Teytlə sıx əlaqələri olub. Hətta aktrisa amerikalı diplomata görə rəsmi nikahda olduğu həyat yoldaşı ilə boşanıb. Zoya Fyodorova ilə Cekson Teyti heç bir siyasi və kəşfiyyat əlaqələri birləşdirməyib. Aktrisa ilə diplomatın arasındakı isti münasibətlər yalnız restoran əyləncələrindən və birgə yataqdan ibarət olub. Sonralar bu cütlüyün bir qız övladı da dünyaya gəlib. Məhz münasibətlərin belə bir ərəfəsində Zoya Fyodorova yaxşı anlayıb ki, Beriya istənilən dəqiqə onun amerikalı diplomatla münasibətinə istədiyi kim don geyindirib onu həbsə ata bilər. Bax, elə bu qorxuya görə də o, Beriyanın çağırışlarından imtina edə bilməyib.

Beləliklə, aktrisa səhərisi gün göndərilən maşına əyləşib Beriyanın görüşünə yollanıb. Beriyanın bağ evinin böyük zalında onun üçün xüsusi süfrə açılıb. “Hər şeyə qadir” komissar aktrisanı mehribanlıqla qarşılayıb:

– Ümid edirəm ki, bu dəfə aramızda müharibə olmayacaq.

Aktrisa masa arxasına dəvət təklifini eşitmirmiş kimi zalın ortasında dayanıb. Beriya arxa tərəfdən onu qucaqlayanda Zoya Fyodorova sanki yuxudan ayılmış kimi cəld hərəkətlə onun qolları arasından çıxıb və onu kənara itəliyib:

– Siz nə edirsiniz, kim sizə ixtiyar verib ki, mənimlə belə davranırsınız? Mən sizin üçün bir barmaq işarəsi ilə yatağa girən qadınlardan deyiləm…

Əsəblərini cilovlaya bilməyən Beriya səsinin tonunu qaldırıb:

– Sən özünü necə aparırsan? Sən harada olduğunu dərk edirsən? Dərk etsəydin, özünü balaca meymunlar kimi aparmazdın…

– Əgər mən meymunamsa, onda bəs siz kimsiniz? Gedin güzgüdə özünüzə baxın…

– Sən əclafsan, sən Amerika kəşfiyyatına işləyən yaramazın birisən, rədd ol gözümün qabağından…

Sonra Beriya həyətə çıxıb, polkovnik Sarkisovu çağırıb:

– Bu qadını aparın evinə.

Sarkisov maşının qapısını açıb aktrisaya yer göstərib. Zoya Fyodorova arxa oturacaqdakı böyük gül buketini görəndə kinayə ilə Beriyadan soruşub:

– Bu güllər mənim üçündür?

– Bəli, sənin məzarın üçündür…

Zoya Fyodorova onu nə gözlədiyini yaxşı anlayıb. Qisası qiyamətə saxlamayan Lavrenti Beriya elə səhərisi gün aktrisa ilə bağlı “tədbirlər”ə başlayıb. Beriya Zoya Fyodorovanın işini qəddarlığı və cəlladlığı ilə ad çıxaran, həmin dövrdə SSRİ dövlət təhlükəsizliyi naziri vəzifəsində işləyən general Viktor Abakumova həvalə edib.

27 dekabr 1946-cı ildə Zoya Fyodorovaya hökm oxunub. Casusluqda ittiham olunan aktrisa 25 il müddətinə azadlıqdan məhrum edilib.

İosif Stalinin ölümündən və Lavrenti Beriyanın həbsindən sonra Zoya Fyodorova həbsdən azad olunub və bəraət alıb. Azadlığa çıxdıqdan sonra aktrisa yenidən filmlərə çəkilməyə başlayıb.

Amerikalı diplomatdan olan qızı Viktoriya isə 1975-ci ildə birdəfəlik atasının yanına köçüb. Bu illər ərzində Zoya Fyodorova iki dəfə Amerika Birləşmiş Ştatlarında olub və o, 1970-ci illərin sonunda Amerikaya köçməyi planşaşdırıb.

Ancaq 1981-ci ildə baş verən hadisə aktrisanın bütün planlarını yarımçıq qoyub.

11 dekabr 1981-ci ildə Zoya Fyodorova 73 yaşında olarkən Moskvanın Kutuzov prospektindəki mənzilində qətlə yetrilib. Qətl hadisəsinin kim tərəfindən törədildiyi açılmayıb.

Versiyalara görə, Zoya Fyodorova Leonid İliç Brejnevin qızının adı hallandığı “Brilyant işi” məsələsində adı keçdiyi üçün qətlə yetrilib.

Zoya Fyodorova Moskvada, Vaqankova qəbirstanlığında dəfn edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*