“Bir dollar 200 rubldur və Rusiya iqtisadiyyatı tezliklə ilk iyirmilikdən çıxacaq”.
KONKRET.az xəbər verir ki, ABŞ prezidenti Co Bayden müvafiq bəyanatla Polşanın paytaxtı Varşavada keçirdiyi brifinqdə çıxış edib.
Bayden Ukraynadakı müharibənin və Qərbin sanksiyalarının Rusiya iqtisadiyyatına necə təsir etdiyindən danışıb. Prezidentin sözlərinə görə, Rusiya tezliklə ilk iyirmilikdən çıxacaq və bir dollar üçün artıq iki yüz rubl istəyirlər.
Amerika Birləşmiş Ştatlarının prezidenti rublun mövqeyindən danışıb.
“Rusiya Federasiyasının valyutası tədricən dəyərdən düşür. Onsuz da ölkədə valyutadəyişmə məntəqələrində bir Amerika dolları üçün 200 rubl istəyirlər”, – o bildirib.
Bayden həmçinin qeyd edib ki, Rusiya iqtisadiyyatı dünyada ən böyük iqtisadiyyatlardan biridir. Ancaq tezliklə o, ilk iyirmiliyə belə girməyəcək.
“Sanksiyalar Rusiya Federasiyasını gücdən və güc proyeksiya etmək imkanından məhrum edir. Bunun günahkarı isə yalnız Putindir”, – ABŞ prezidenti deyib.
Xatırladaq ki, Bayden brifinqdə Ukraynaya humanitar yardım mövzusuna da toxunub. ABŞ prezidenti xatırladıb ki, onun dövləti 100 min ukraynalı qaçqını qəbul etməyə hazırlaşır. Artıq 8 min nəfər ABŞ-a gəlib.
Xuraman Etibarlı,
KONKRET.az
