Rusiyanın Ukraynaya təcavüzündən artıq bir il ötür. Bu bir il ərzində tərəflər yüzminlərlə itki versə də, hələ qalib müəyyənləşməyib. Bir tərəfdən Qərbin Ukraynaya dəstəyi, digər yandan isə Rusiyanın aqressiyası müharibənin bir ildir davam etməsinə gətirib çıxarır. Bu savaşdan nəinki müharibə tərəfləri, həmçinin bütün dünya dövlətləri əziyyət çəkir. Belə olan halda Rusiya-Ukrayna müharibəsinin davam etməsi kimlərə sərf edir? Ümumiyyətlə yaxın vaxtlarda müharibənin bitməsi ehtimalı varmı?
Mövzunu KONKRET.az-a şərh edən politoloq Samir Hümbətov bildirib ki, müharibənin bir ili ərzində tərəflər arasında çox böyük dəyişikliklər baş verib: “Öncə qeyd edək ki, tərəflər təqribən 150 minə yaxın canlı qüvvə və xeyli sayda silah-sursat itirib. Müharibənin ilk iki aya yaxını daha gərgin xarakter daşıyıb və Rusiyanın hücumları geniş vüsət alıb. Belə ki, Rusiya həm Belarus ərazisindən, həm də şərq hissədən Ukraynaya hücum edib. Bir il ərzində Rusiya Ukraynanın təqribən 110 min kvadrat kilometr ərazisini işğala məruz qoyub. İşğal edilən torpaqların təqribən 30 min kvadrat kilometrini Ukrayna geri qaytara bilib. Ama hələ də gərgin döyüşlər gedir. Rusiya sentyabr ayının sonunda Ukraynanın 4 vilayətini özünə birləşdirməklə beynəlxalq hüququ pozmuş oldu. Hazırda gərginlik artan xətt üzrə davam edir. Bunun fonunda Ukraynaya Qərbin dəstəyi getdikcə artmaqdadır. ABŞ-ın aprelin sonunda qəbul etdiyi “Lendliz” qanunu ilə Ukraynaya silah-sursat və hərbi texnika, eləcə də humanitar və tibbi dəstəyini artırması, rəsmi Kiyevin daha da qətiyyətli şəkildə mübarizə aparmasına gətirib çıxarır. Görünən odur ki, Vaşinqton Ukraynaya dəstəyi davam etdirməkdə israrlıdır. Amma burada təkcə ABŞ-ın yox, eyni zamanda Avropa dövlətlərinin də Kiyevə dəstəyinin şahidiyik. Ümumilikdə NATO bu məsələdə Ukraynanın yanında yer alıb”.
![]()
Politoloqun sözlərinə görə, Zelenskinin Vaşinqtona, Baydenin Kiyevə səfəri, ümumilikdə Qərb ölkələrinə ziyarətləri zamanı keçirdiyi görüşlər, həmçinin bir il ərzində Böyük Britaniya baş nazirlərinin Ukraynaya gəlməsi dəstək xarakteri daşıyır: “Artıq Rusiya-Ukrayna müharibəsi elə bir həddə gəlib çatıb ki, bu prosesin qarşısını almaq mümkün deyil. Tərəflər arasında qalib anlayışı yoxdur, sadəcə nisbi üstünlüklər var və qısa müddətdə əl dəyişimləri baş verir. Fikrimcə, bu müharibə hələ uzun müddət davam edəcək. Çünki Qərb ölkələri Ukraynanı sürətlə silahlandırmağa davam edir. Bu, o deməkdir ki, yaxın bir il ərzində müharibə haqqında danışacağıq. Digər tərəfdən Rusiya yenidən Ukrayna ilə sərhədə 320 minə qədər qoşun yığıb. İndiki halda qalibin kim olacağını müəyyən etmək çətin məsələdir. Amma Rusiya-Ukrayna savaşının əsas qalibi bu müharibənin başlamasını və davam etməsini istəyən tərəflərdir.
Əsas qalib Rusiyanı qızışdıraraq Ukrayna ilə müharibəyə sövq edən qüvvələrdir. Böyük silah korparasiyalarının rəhbərləri, neft maqnatları əsas rol oynayır. Düşünürəm ki, bir il ərzində Rusiyaya tətbiq olunan 23-24 min sanksiya fonunda Avrasiya materikində, xüsusən də Rusiya-Ukrayna müharibəsində sakitliyin olacağını gözləməyə dəyməz.
Müşviq Tofiqoğlu,
KONKRET.az
