“9 noyabr 2020-ci ildən sonra niyə hər şey səhv oldu? Niyə biz heç bir şəkildə özümüzə gələ, müharibənin səhifəsini bağlaya bilmərik? Niyə müharibədən sonrakı mərhələyə qədəm qoyub bərpa işlərinə başlamağımız mümkün deyil?
KONKRET.az erməni mediasına istinadən xəbər verir ki, bu sualları “Alternativ layihələr” qrupunun həmtəsisçisi, politoloq Vahe Hovannisyan öz məqaləsində verib.
O fikirlərini belə davam etdirib:
“Biz heç vaxt başa düşmədik ki, ən dəhşətli və faciəli gün 9 noyabr deyil, 27 sentyabrdır. Siyasi və kollektiv şüurumuz bunu başa düşsəydi, o zaman 9 noyabrdan sonra siyasi qətnamələrimiz, şüarlarımız, seçkiqabağı məzmunumuz tamam başqa olardı. Hakimiyyət isə çoxdan dəyişəcəkdi. Noyabrın 9-dan sonra anti-Nikol platformaları 9 noyabr sənədini mübarizə obyektinə çevirdilər. Bununla da geniş ictimaiyyət, və Rusiya tərəfindən yanlış başa düşüldülər. Yanlış təəssürat yarandı ki, guya müxalifət sülhə qarşıdır” – Hovannisyan vurğulayıb.
“2018-2020-ci illər ərzində bütün dəhşətli səhvlərə yol verildi, danışıqlar dayandırıldı, bağışlanmaz təxribatlar edildi. Tavuş hadisələrinin formulu dövlət tərəfindən müəyyənləşdirildi. Bütün itkilərin, faciələrin, dövlətin süqutunun əsası bu idi. Müharibəni öz evimizə gətirdik. Əvvəlki hakimiyyət orqanlarının hamısı başa düşürdü ki, müharibəyə yol vermək olmaz. Buna görə də müharibə olmadı və toqquşmalar tez yatırıldı. 9 noyabr, 8 noyabrın məntiqi yekunu idi, 27 sentyabr isə əvvəlki 26 ilin heç də məntiqi sonluğu deyildi. Bu, baş verməməli olan bir müharibə idi. Təəccüblüdür ki, bundan sonra bir-birini əvəz edən müxalifət platformaları fəlakətin noyabrın 9-da deyil, sentyabrın 27-də olduğunu başa düşmədilər. Məhz buna görə də platformaların tərtibatları və şüarları cəmiyyətin əksəriyyəti və xarici dünya tərəfindən qəbul edilmədi. Əgər yaxın gələcəkdə yeni proses başlayarsa, yeni müxalifət formatları yaranarsa, bu, ilk böyük reviziyalardan biri olmalıdır. Bu, müharibədən sonra yeni reallığın düzgün dərk edilməsi, dövlətin sağlam və rasional baxışının formalaşması istiqamətində atılan ilk mühüm addımdır” – deyə Hovannisyan fikirlərini tamamlayıb.
Müşviq Tofiqoğlu,
KONKRET.az
