İsrailin Israel Hayom qəzeti yazır ki, Flydubai təyyarəsində ukraynalı və rusiyalı sərnişinlər arasında dava baş verməyib. Əksinə, onların hər ikisi pilot olub və sərnişin qismində Flydubai aviaşirkətinin Boeing 737 MAX təyyarəsində uçublar.
KONKRET.az xəbər verir ki, kabində baş verən insidentdən sonra onlar idarəetməni öz üzərlərinə götürərək təyyarəni Səudiyyə Ərəbistanında təhlükəsiz şəkildə yerə endiriblər və bununla da mümkün faciənin qarşısını alıblar.
Sentyabrın 30-da Dubaydan Təl-Əvivə uçan Flydubai təyyarəsi qaçırılma siqnalı verib. KİV-in məlumatına görə, pilotlardan biri digərinə bıçaqla hücum edib və təyyarənin idarəetməsini ələ keçirməyə çalışıb. Bildirilir ki, təyyarəni Oman və BƏƏ-dən olan pilotlar idarə ediblər. Bir sıra nəşrlər hücum edən şəxsin Oman vətəndaşı olduğunu yazır.
İsrail hakimiyyəti insidentin təyyarəni qəzaya uğratmaq və ya hətta 2001-ci il sentyabrın 11-də ABŞ-da törədilən terror aktlarına bənzər hücum həyata keçirmək məqsədi daşıması ehtimalını araşdırır. İsrail KİV-i hökumət nümayəndələrindən birinin sözlərinə istinadən yazıb: “Böyük bir fəlakətin qarşısını almaq mümkün olub”.
İsrailin nəqliyyat naziri Miri Regev insidentdən sonra Flydubai aviaşirkətinin İsrailə bütün reyslərinin ləğv edilməsini tələb edib. Bu barədə The Times of Israel məlumat yayıb.
Regev həmçinin Mülki Aviasiya İdarəsini Birləşmiş Ərəb Əmirliklərinin İsraillə imzaladığı aviasiya sazişini pozub-pozmadığını araşdırmağa çağırıb. Sazişə əsasən, BƏƏ-də yalnız İsraillə diplomatik münasibətləri dəstəkləyən ölkələrin pasportuna malik pilotların eniş etməsinə icazə verilir.
Qeyd edək ki, İsrail Omanla diplomatik münasibətlərə malik deyil.
Rəsmiyyə Şərifova,
KONKRET.az
