Böyük Britaniyada nazirlərin parlament üzrə şəxsi katibləri Baş nazir Kir Starmer vəzifədə qalmağa davam etdiyi üçün istefa verməyə başlayıblar.
KONKRET.az TASS-a istinadən xəbər verir ki, ilk istefa addımını Böyük Britaniyanın ətraf mühit, ərzaq və kənd təsərrüfatının inkişafı naziri Emma Reynoldsun köməkçisi Tom Rutland atıb.
Onun ardınca Səhiyyə Nazirliyinin rəhbəri Ues Stritinqin parlament üzrə şəxsi katibi Co Morris də istefa verib. Ues Stritinq Starmerin istefası halında baş nazir postuna ən real namizədlərdən biri hesab olunur.
Daxili işlər naziri Şabana Mahmudun köməkçisi Salli Ceymison da hökumət başçısını Dauninq-striti tərk etməyə açıq şəkildə çağırsa da, hələlik vəzifəsində qalır.
Parlament üzrə şəxsi katib Böyük Britaniya parlamentinin İcmalar Palatasının deputatları arasından təyin olunur və bu vəzifə ödənişsiz hesab edilir. Britaniya siyasi sisteminə əsasən, hökumət üzvlərinin hamısı eyni zamanda parlament üzvü olurlar.
“The Spectator” jurnalının məlumatına görə, hakim Leyboristlər Partiyasından artıq 50-dən çox deputat Starmeri istefaya çağırıb.
Nəşr qeyd edir ki, baş nazirin siyasi karyerası artıq günlərlə deyil, saatlarla ölçülür.
Starmerdən narazı olan leyborist deputatlar hesab edirlər ki, onun hakimiyyətdə qalması partiyanın 2029-cu ilin avqustundan gec olmayaraq keçirilməli olan növbəti ümumi seçkilərdə mövqelərini zəiflədəcək.
Hazırda 650 yerlik İcmalar Palatasında Leyboristlər Partiyasının fraksiyası 403 deputatdan ibarətdir.\\oxu.az
