Bu 3 vacib məhsul anidən bahalaşa bilər – Ekspertdən həyəcan təbilibackend

Bu 3 vacib məhsul anidən bahalaşa bilər – Ekspertdən həyəcan təbili

“Növbəti ildə qiymət artımı ilə bağlı yanacaq məsələsində risk böyükdür. Belə ki, yanacağın qiymətində dəyişiklik nəqliyyat xərclərindən başlayaraq logistika, kənd təsərrüfatı, tikinti, xidmət və ticarət sektorlarına yayılır. Yanacaq bahalaşdıqda yalnız avtomobil sürücüsünün xərci artmır. Məhsulun daşınması, istehsalı və satışı bahalaşır. Bu da qiymət artımını iqtisadiyyatın digər sahələrinə ötürür”.

KONKRET.az xəbər verir ki, bu sözləri Globalinfo.az-a iqtisadçı Asif İbrahimov deyib.

İqtisadçı bildirib ki, dərman bazarında vəziyyət daha həssasdır:

“İnsan dərman istehlakını digər məhsullar kimi təxirə sala bilmir. İdxaldan asılılıq, logistika xərcləri, valyuta amili, distribütor xərcləri və bazarın tənzimlənməsi dərman qiymətlərinə birbaşa təsir edir. Bu sahədə 2027-ci ildə qiymət artımının sosial nəticəsi xüsusilə ağır ola bilər. Bütün bunlar iqtisadi modelin daha fundamental problemini göstərir. Əgər iqtisadi siyasət qiymət artımının struktur səbəblərini aradan qaldırmaq əvəzinə, ayrı-ayrı məhsullar üzrə güzəştlərlə vəziyyəti müvəqqəti sabitləşdirirsə, güzəştin müddəti başa çatanda eyni problem yenidən ortaya çıxır. Bu, dayanıqlı qiymət siyasəti deyil, problemin təxirə salınmasıdır.

İqtisadiyyatın rəqabət qabiliyyətinin yüksəldilməsi, yerli istehsalın məhsuldarlığının artırılması, idxaldan asılılığın azaldılması, logistika xərclərinin aşağı salınması, kənd təsərrüfatında məhsuldarlığın yüksəldilməsi və rəqabət mühitinin gücləndirilməsi istiqamətində daha ciddi nəticələr tələb olunur. Əks halda iqtisadi artımın bir hissəsi qiymət artımı tərəfindən mənimsənilir və əhalinin real gəlirlərində gözlənilən yaxşılaşma baş vermir”.

A.İbrahimov qeyd edib ki, 2027-ci ilin əvvəlində yaranacaq qiymət artımını “gözlənilməz bazar hadisəsi” kimi təqdim etmək düzgün olmaz:

“Əvvəlcədən görünən risklərin idarə olunmaması artıq iqtisadi idarəetmənin keyfiyyəti məsələsidir. Ən təhlükəli ssenari çörək, yanacaq və dərman kimi strateji məhsullarda qiymət təzyiqinin eyni dövrə düşməsidir. Bu məhsulların hər biri ayrıca qiymət şoku yarada bilər. Bir neçə istiqamətdə qiymət artımı eyni vaxtda baş verdikdə isə təsir bir-birini gücləndirir. Yanacaq nəqliyyat və logistika xərclərini, vergi yükü çörəyin maya dəyərini, idxal və valyuta amilləri isə dərman qiymətlərini yüksəldə bilər. Belə şəraitdə iqtisadi idarəetmənin nəticəsi yalnız inflyasiya göstəricisi ilə ölçülməməlidir. Əhalinin real gəlirləri, istehlak səbəti, strateji məhsulların əlçatanlığı və biznesin xərc yükü də qiymətləndirilməlidir. Nominal maaşların və sosial ödənişlərin artırılması qiymət artımını kompensasiya etməyə çalışırsa, bu, öz növbəsində iqtisadi siyasətin digər alətlərinə əlavə yük yaradır”.

Ekspert vurğulayıb ki, Azərbaycanın qarşısında 2027-ci ilə qədər ciddi seçim dayanır:

“Qiymət artımının nəticələri ilə mübarizə aparmaq, yoxsa qiymət artımını yaradan struktur səbəblərə müdaxilə etmək. İqtisadi model ikinci istiqamətdə nəticə vermədiyi müddətdə hər yeni vergi qərarı, tarif dəyişikliyi və xarici bazar şoku daxili qiymətlər üçün əlavə risk yaradacaq. Əsas məsələ artıq ayrı-ayrı məhsulların nə qədər bahalaşacağı deyil. Əsas məsələ iqtisadi idarəetmənin niyə əvvəlcədən görünən qiymət risklərini aradan qaldıra bilməməsidir. Əgər 2027-ci ilin əvvəlində strateji məhsullar üzrə eyni vaxtda qiymət artımı baş verərsə, bunun məsuliyyətini yalnız bazarın, xarici amillərin və ya vergi qərarlarının üzərinə qoymaq kifayət etməyəcək”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*