Rus müxalif bloqqer Aleksey Navalnının “Putinin sarayı” adlı araşdırma videosunda bəhs edilən sarayın görüntüləri yayılıb.
KONKRET.az xəbər verir ki, “Mash” teleqram kanalı tərəfindən hazırlanan videoda sarayın təmirsiz olması diqqət çəkib.
“Saraya gələnləri darvazası olmayan bir ön giriş qarşılayır. Məkanı izah etmək olduqca sadədir – böyük bir beton. Əslində tikinti sıfırıncı mərhələdədir”.
Jurnalistləri artıq altı ildir ki, sarayın tikintisini izləyən bir texniki nəzarətçi müşayiət edib. Müxbirlər 16 otaqdan görüntülər yayımlayıblar. Qəlyan barının yerləşdiyi iddia olunan otağın isə işçilərin geyim dəyişmə otağı olduğu məlum olub.
Müxbirlər, həmçinin teatr otaqlarında da çəkiliş aparıblar.
İnşaatçıların təxminlərinə görə, binanın beş-altı il ərzində istismara verilməsi planlaşdırılır. Reportajın sonunda isə jurnalistlər binanın sahiblərini adlarını açıqlamağa çağırıblar.
Xatırladaq ki, Navalnının araşdırma videosunda Gelencik buxtasındakı imarətin qiymətinin 100 milyard rubl(1.35 milyard dollar) olduğu bildirilmişdi. Rusiya Prezidenti isə bəhs edilən sarayın özünə və yaxınlarına aid olmadığını açıqlamışdı.
