Bu ilin 9 ayı ərzində Qırğızıstanda ictimai yerlərdə qayda pozuntuları ilə əlaqədar 11500 protokol tərtib edilib.
KONKRET.AZ-ın Orta Asiya ölkələri üzrə bürosu Prezident Aparatının şöbə müdiri Sayakbay Subanova istinadən xəbər verir ki, cərimələrin (siqaret çəkmək, tüpürmək, günəbaxan tumu çırtlamaq və s.) ümumi məbləği 5 milyon 859 min som (84 min dollar) təşkil edib. Eyni zamanda 5500 vətəndaşa xəbərdarlıq edilib.
Ümumilikdə, Daxili İşlər Nazirliyinin məlumatına görə, 2019-cu ilin 9 ayı ərzində qanun pozuntularına dair 24 min 682 protokol tərtib edilib və cərimələrin ümumi məbləği isə 36 milyon 229 min som (təxminən yarım milyon dollar) olub.
Bu ilin əvvəlindən Qırğızıstanda asayişin qorunması ilə bağlı yeni qanun – xüsusi pozuntular Kodeksi qüvvəyə minib. Qanuna daxil edilmiş “tüpürməyin qadağan olunması” ilə bağlı qayda daha sonra ictimaiyyətin diqqətini çəkmişdi. Yeniliyin tənqidçiləri bu qayda pozuntusuna görə cərimənin (5.5 min som və ya 80 dollar) vətəndaş gəlirlərinə mütənasib olmadığına işarə edərək, səlahiyyətli şəxslərin tüpürdüklərini göstərən videoları sosial şəbəkələrdə aktiv şəkildə yayımlamağa başlamışdılar.

Daha sonra qaydaya düzəlişlər qəbul olunub, buna görə cərimə 1000 soma (15 dollar) endirilib və maddəyə dəsmal, salfet və ya zibil qutusuna tüpürməyin qayda pozuntusu sayılmadığı əlavə olunub.
