Baş nazir Əli Əsədov hesabat iclasında ilə 40 min hektardan çox ərazinin minalardan təmizlənməsinin planlaşdırıldığını bildirdi. Məlumdur ki, Vətən müharibəsindən sonra qarşıda duran ən vacib məsələlərdən biri işğaldan azad edilən ərazilərimizin minalardan təmizlənməsi və əhalinin ora köçürülməsinin təmin olunmasıdır. Bəs görəsən Baş nazirin açıqladığı kimi ilə 40 min hektardan çox ərazinin minalardan təmizlənməsi həyata keçirilsə, bu istiqamətdə işlərin tam yekunlaşmasına nə qədər vaxt lazımdır?
Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən hərbi ekspert Üzeyir Cəfərov bildirib ki, Baş nazirin Milli Məclisdə verdiyi hesabatda bir sıra rəqəmləri görüb: “Belə başa düşdüm ki, bu rəqəmlər sadəcə hesabat xatirinə səsləndirilmək üçün Baş nazirə təqdim olunub. Bu gedişlə biz neçə ilə o əraziləri minalardan təmizləyəcəyik? Aydındır ki, işğaldan azad edilən ərazilər böyükdür. Lakin istənilən halda orada ANAMA, Müdafiə Nazirliyi, güc strukturları, Dövlət Sərhəd Xidməti və xarici şirkətlər minalardan təmizləmə işlərinə cəlb olunub. Görünür minatəmizləmə işlərinə yaxşı pullar ayrıldığı üçün proses bilərəkdən uzadılır. Onu deyə bilərəm ki, minalar bir neçə ilə təmizlənəcək və daha sonra ora vətəndaşlarımız köçə biləcək. Yalnız bundan sonra kənd təsərrüfatı və sənaye işlərinin görülməsi mümkündür. Müharibə qurtarandan sonra işlər həddən artıq ləng gedir. Hər halda rəsmilər buna aydınlıq gətirsə daha yaxşı olar”.

Üzeyir Cəfərov ümumi ərazinin nə qədər olduğunu deməkdə çətinlik çəkdiyini vurğulayıb: “Bu ərazilərin nə qədər müddətə minalardan təmizlənəcəyini bilmirəm. Rəqəmlər də dəqiq deyil. Gündən-günə fərqli rəqəmlər eşidirik. Ona görə də konkret vaxt deyə bilmirəm. Bu qədər qüvvənin və vəsaitin qarşısında əsas iş 1-2 ilə görülməli idi. Hesab edirəm ki, işlər çox ləng gedir”.
Müşviq Tofiqoğlu,
KONKRET.az
