backend

Bu məsələni gündəmə gətirməyin əsl vaxtıdır - ƏTRAFLI

Surxay Atakişiyev

44 günlük müharibənin uğurlu sonluğu, böyük qələbə barədə üç aydan çoxdur ki, danışırıq. Və bundan sonra da hələ çox danışacağıq. Bu zəfər barədə çoxlu kitablar yazılacaq, çox fikirlər söyləniləcək. Bu da təbiidir. Çünki 10 noyabr Azərbaycan xalqının tarixinə yazılan ən şərəfli günlərdən biri, bəlkə də birincisidir. Amma zaman keçir, yeni reallıqlar ortaya çıxır, yeni çağırışlar səslənir. Həmin çağırışlardan biri də indiki zamanda çox vacib olan xalq diplomatiyasını hər vasitə ilə gücləndirməkdir.

Ordu öz sözünü dedi, Respublika Prezidenti öz iradəsini ortya qoydu. Nəticədə Azərbaycanın ərazi bütövlüyü təmin edildi. Lakin bizim əbədi bir problemimiz var. O da ermənilərlə qonşu olmaq əzabıdır. Bu problemin tamamilə olmasa da, qismən həlli üçün xalq diplomatiyasına ciddi ehtiyac var. Hələ demirəm ki, Yuxarı Qarabağda 30-40 min erməni yaşayır. Ona görə də həm Qarabağ erməniləri ilə, həm də  Ermənistanla hansısa səviyyədə dil tapmağımız vacibdir. Ən azından müəyyən vaxtadək. Bu isə hakimiyyətin yox, cəmiyyətin vəzifəsidir. Biz ən azı müəyyən hədəflərə çatmaq üçün erməni cəmiyyətinin müəyyən qrupları ilə təmaslar qurmalıyıq. Zaman-zaman belə təşəbbüslər olub. Amma “bir çiçəklə yaz olmaz”.

Bu cür təmaslar davamlı və çoxşaxəli olmalıdır. “Erməni vəhşidir”, “erməni faşistdir” deməklə iş bitmir. Hərdən işinin xatirinə erməniyə dayı demək zərurəti yaranır. Bax, bu gün o gündür. İndi erməni cəmiyyətinin aktiv fazası ilə dialoqa getmək lazımdır. Bu dialoqu qura bilsək, siyasi-iqtisadi münasibətlər də daha rahat qurula bilər. Bəllidir ki, hazırda erməni cəmiyyətində bir xaos hökm sürür. Gözləmədikləri böyük və ağır məğlubiyyətini reallıqlarını Ermənistanda bir çoxları qəbul etmək istəmir. “Bəlkə də qaytardılar” sevdası ilə yaşayanlar bu gün Ermənistanda kifayət qədər çoxdur. Bunların bir qismi xəstə Njdenin saxta “ideyaları”na inanıb “məlubiyyətlərdən ruhdan düşməməyə” çalışanlardır.

Bunlar erməni cəmiyyətinin radikal qanadlarıdır. Bunlarla dialoq qurmaq yersiz və mümkünsüzdür. Lakin ermənilərin içində xalqını sevən və reallıqları qiymətləndirə bilən böyük qüvvə və potensiallar var. Bax, onlarla əlaqə qurulmalıdır. Və yaxşı haldır ki, ermənilərin içərisindəki sağlam qüvvələr artıq səslərini qaldırır, xalqı barışığa, mühriban qonşuluğa səsləyirlər. Mən son bir həftə içində iki belə çağırışın şahidi olmuşam. Onlardan biri  Ermənistan Mədəniyyət nazirinin müavini Janna Andreasyan bu günlərdə erməni televiziyasında Hitler faşizminin qatı tərəfdarı olan Qaregin Njdenin ultrasadist “tsekakronizm” ideologiyasının təhlükəsi barədə əhəmiyyətli bir açıqlama verdi. Bu fikirlər yüksək səviyyəli bir dövlət  məmurunun Njdenin erməni millətinin üstünlüyü barədə faşist təliminə qarşı ilk açıq çıxış oldu. Və Janna Andresyanın fikirləri Ermənistanı Spitak zəlzələsindən daha çox silkələdi. Və bu gün bütün Ermənistandan hamı bu açıqlamanı müzakirə edir.

Bu cəsarətli xanım açıq şəkildə deyir ki, “Njde ideologiyası, əslində, bir faşist ideologiyasır. Özü-özlüyündə, 21-ci əsrin bir toplumu olaraq bizim üçün çox təhlükəlidir. Çünki bu ideologiya dünyaya qarşı təcavüz əsasında qurulub, özünü bütövlükdən ayırır. Dünya və bütün cəmiyyətlər üzərindəki üstünlüyünü nümayiş etdirir. Bütün gözəl sözləri Njde təlimlərindən kənarlaşdırsaq, onda ortada çox təhlükəli əsas qalacaq”

Janna Andreasyan haqlı olaraq  deyir ki, “Hazırda erməni cəmiyyətində yalnız millətçilərin monoton monoloqu var. Ancaq cəmiyyətdə tək monoloqun olması çox təhlükəlidir. Müasir dünya sürətə dəyişir, inkişaf edir. Hər gün yeni bir çağırış eşidirik. Nə yazıq ki, biz bu tendensiyalara, trendlərə uyğun gəlmirik. Nəhayət, anlamalıyıq ki, dünyadan təcrid olunmuş və dünyaya təcavüzkar baxışlarımızla yalnız millətimizin sonunu gətirə bilərik”, – deyə nazir müavini fikrini tamamlayıb.

  • Bundan əvvəl isə tanınmış prodüsser Sergey Danielyan maraqlı fikirlərlə çıxış etmişdi. Bakıda anadan olan və hazırda Moskvada yaşayan Danielyan səmimi şəkildə etiraf edir ki, “mənim bu həyatda uzun illər qazandığım 96 dostumdan 88-i azərbaycanlıdır… 30 il xəyal etdim ki, Qarabağ Azərbaycana qayıtsın, çox şükür ki, bu, baş verdi. Mən Azərbaycanı sevirəm və ora üçün çox darıxıram. Mən Bakıda – mədəniyyətin ən yaxşı nümunələrinin olduğu şəhərdə böyüdüm. Bəlkə də inanmayacaqsınız. Mən Azərbaycanın xalq yazıçısı Anar Rzayevin hekayələri və romanları ilə böyümüşəm. Onun bütün əsərlərini demək olar ki, əzbər bilirəm. Musiqi təhsilim yoxdur, amma musiqi duyumum mükəmməldir. Qara Qarayevin “O qızı tapın” filmindəki caz kompozisiyasını oxuya bilərəm. Fikrət Əmirovun demək olar ki, bütün “1001 gecə” baletini oxuya bilərəm. Rasim Ocaqovun bütün filmlərini əzbər bilirəm”.

Göründüyü kimi, ermənilərin arasında olan işıqlı adamlar artıq öz səslərini qaldırırlar. Lakin bizim cəmiyyətimizdən isə hər hansı bir təşəbbüs nəzərə çarpmır. Bunun da bir neçə səbəbi var.

Birincisi, olduqca həssas məsələ olan Ermənistan-Azərbaycan  münasibətlərində heç kim qabağa düşüb “pis adam” olmaq istəmir. Bir növ “el qınağından” ehtiyatlanırlar.

İkincisi, bəzi insanlar üçün bu məsələ korporativ maraq kəsb etmədiyi üçün maraqlı deyil. Bir qrup insanlar bu məsələyə tipik alverçi marağı ilə yanaşır: “mənim bu işdə çıxarım nədir?”.

Üçüncüsü, qaragüruhçü dəstələrin dar düşüncələridir. Bəzi soydaşlarımız belə bir fikri eşidəndə belə düşünmədən, qeyzlə cavab verir: “erməni kimdir ki, biz onunla danışığa gedək”.

Amma ermənilərlə danışığa ketmək günümüzün sosial sifarişidir. Biz ermənilərlə nə qədər tez dil tapsaq, bir o qədər tez məqsədlərimizə nail ola bilərik. Təbii ki, “itlə dostluq et, amma çomağını yerə qoyma” prinsipi ilə. Bunun üçün cəmiyyətin aktiv fazasındakı insanların təşəbbüsləri vacibdir. Məsələn, hər iki ölkənin media nümayəndələrini bir platformada görüşməsi, təmaslar qurması maraqlı olardı. Və yaxud mədəniyyət və incəsənət adamlarının ünsiyyəti iki xalq arasındakı münasibətlərdəki buzu əritməkdə yaxşı addım ola bilər.

Xatırladım ki, bir ay öncə Moskvada keçirilən tədbirlərin birində erməni jurnalist Rusiya XİN-nin sözçüsü Mariya Zaxarovadan soruşdu ki, Belə bir təşəbbüsün olacağı təqdirdə Moskva necə münasibət göstərəcək?”. İnsafən Zaxarova suala çox həvəslə cavab verdi. Dedi ki, “Biz bunu yalnız alqışlaya və əlimizdən gələn qədər köməklik göstərməyə çalışarıq”.

Bəli, bu gün bu məsələyə aktiv münasibət göstərməyin əsl vaxtıdır. Axı, Erməni- Azərbaycan münasibətlərinin isinməsinin bir çox sosial-iqtisadi səmərəsi ola bilər.

Birincisi, xalq diplomatiyasının işə salınması ilə qarşılıqlı düşmənçilik çağırışları səngiyər. Bu da son nəticədə müharibənin yenidən alovlanmasının qarşısını alar.

İkincisi, hər iki xalqdan gələn sağlam təkliflər hər iki ölkə rəhbərliyinə daha rahat qərarlar verməyə və konstruktiv təkliflərlərlə çıxış etmək imkanı yaradar.

Üçüncüsü, xalq diplomatiyası qarşılıqlı inam və ticari əlaqələrin qurulmasına geniş meydan açar.

Bəs elə isə, nəyi gözləyirik?

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*