Britaniyanın “Global Markets” nəşri Cəmşid Kuçkarovu “Mərkəzi və Şərqi Avropa regionunda (MDB daxil olmaqla) 2019-cu ilin maliyyə naziri” elan edib. Bu barədə Özbəkistan Xarici İşlər Nazirliyinin mətbuat xidməti KONKRET.az-ın Orta Asiya ölkələri üzrə bürosuna məlumat verib.
Vaşinqtondakı Milli Mətbuat klubunda Beynəlxalq Valyuta Fondu və Dünya Bankının illik toplantısı çərçivəsində “Mərkəzi və Şərqi Avropa regionunda (MDB daxil olmaqla) 2019-cu il maliyyə naziri” mükafatının qalibi Özbəkistanın maliyyə naziri Cəmşid Kuçkarov seçilib.
“Global Markets” qeyd edir ki, “ümumiyyətlə, keçmiş Sovet respublikalarında qalan qadağalardan sonra islahatçı prezident Şavkat Mirziyayev hazırkı maliyyə nazirinə valyuta bazarlarının liberallaşmasını idarə etməyi, ticari məhdudiyyətlərin aradan qaldırmasını və ölkənin beynəlxalq istiqraz bazarında debüt etməsini həvalə etdi. Cəmşid Kuçkarov son illərdə ən sürətli iqtisadi liberallaşdırma proqramlarından birində nüfuzlu şəxs oldu”.
“Global Markets” ekspertlərinin fikrincə, Özbəkistanda cari islahatların çox müsbət elementi hökumətin fəal özəlləşdirmə siyasəti vasitəsilə dövlətin milli iqtisadiyyatdakı iştirakını əhəmiyyətli dərəcədə azaltmaq üçün ciddi qərarıdır. Nəşrin qeyd etdiyinə görə, ölkənin iqtisadi modelinin səmərəliliyini artırmaq və bütün sistemin şəffaflığını təmin etmək üçün görülən tədbirlər həmişə populyar deyil, amma yeganə düzgün yoldur: “Əhalinin rəy və rəğbətini təmin etmək maliyyə və makroiqtisadi sabitliyin qorunması kimi vacib bir vəzifədir. Bu baxımdan, ölkədə aparılan islahatlara ehtiyacı daha yaxşı başa düşmək üçün Özbəkistan hakimiyyəti ilə KİV arasında qarşılıqlı əlaqədə müşahidə olunan müsbət tendensiya yüksək keyfiyyətli informasiya dəstəyi rolunu oynayır”.

Nəşrin baş redaktoru Levis MakLellan hesab edir ki, islahatların iddiasına və miqyasına baxmayaraq, ölkədə yalnız kiçik bir büdcə kəsiri var ki, bu da beynəlxalq investisiya cəmiyyətinə maliyyə siyasətinin sabitliyinə inam verir.
Sonda bildirək ki, “Global Markets” nəşri Dünya Bankı, Beynəlxalq Valyuta Fondu, Asiya İnkişaf Bankı və Amerika İnkişaf Bankının illik iclaslarının rəsmi mətbu orqanıdır.
