Özbəkistanın Ailə və Qadın Problemləri üzrə Dövlət Komitəsi qohumlar arasında nikahın qadağan edilməsi haqqında qanun layihəsi hazırlayıb.
KONKRET.az TASS-a istinadən xəbər verir ki, respublikada təkcə 2021-ci ilin ikinci yarısında 1201 qohum nikahı baş tutub.
Statistikaya görə, bu nikahların əksəriyyəti Özbəkistanın Surxandərya və Kaşkədərya vilayətlərində qeydə alınıb.
Bildirilib ki, sənəd parlament tərəfindən təsdiq edilməli və prezident tərəfindən imzalanmalıdır.
Ailə Məcəlləsinə edilən dəyişikliyə əsasən, ana və atanın qardaş və bacılarının uşaqları arasında, habelə övladlığa götürənlərlə övladlığa götürülmüş uşaqlar arasında nikahlar qadağan ediləcək.
Qanun layihəsində qeyd olunur ki, zaman dəyişir və bununla yanaşı qanunvericilik də dəyişməlidir. Bu dəyişikliklər ailə institutunun möhkəmlənməsinə, eləcə də uşaqların hüquq və mənafelərinin qorunmasına yönəlib.
Xatırladaq ki, Çin, Yaponiya, ABŞ, Böyük Britaniya, İsveçrə, Türkiyə, Ukrayna, İrlandiya, Cənubi Koreya, Yeni Zelandiya, Tacikistan və digər ölkələrdə yaxın qohumlar arasında nikah qadağası var.
İqbal Rzayev,
KONKRET.az
