Türkiyə tərəfinin Ukrayna və Rusiyaya təklif irəli sürdüyü haqda iddialar yayılıb. İddialara görə Türkiyə Krım və Donbasın xüsusi statuslu bölgə kimi uzun müddət Rusiyanın nəzarətində qalmasını təklif edib. Bəs bu iddia nə dərəcədə realdır? Ümumiyyətlə təklif reallaşarsa münaqişənin həllinə hansı töhfələr verə bilər?
Mövzunu KONKRET.az-a şərh edən Orta Doğu Araşdırmaları Mərkəzinin rəhbəri Sədrəddin Soltan bildirib ki, bu təklif atəşkəsin əldə olunması üçün variantlardan biri kimi irəli sürülüb. Amma nə Rusiya, nə də Ukrayna tərəfi rəsmi olaraq öz tələblərindən əl çəkmir: “Ukrayna Krım da daxil olmaqla ərazi bütövlüyünü və suverenliyini müdafiə edir. Eyni zamanda Rusiya qoşunlarının ölkə ərazisindən çıxmasını istəyir. Kreml isə Ukraynanı guya nasistlərdən təmizləmək, silahsızlaşdırmaq və Krımın Rusiyanın ərazisi kimi tanınmasına nail olmaq əzmindədir. Eləcə də, Donetsk və Luqanskın Respublika kimi qəbul edilməsi şərtlərini irəli sürür. Ukraynanın tələbləri beynəlxalq hüquq və normalar baxımından tam qanunidir. Rusiyanın şərtləri isə onun təcavüzkar niyyətlərindən xəbər verir. Odur ki, krımın uzunmüddətli perspektivdə Rusiyanın nəzarətinə verilməsi məsələsi ağılabatan deyil. Çünki söhbət Ukraynanın ərazi bütövlüyündən gedir. Rəsmi Kiyev isə heç bir bəyanatlarda Krımı hansısa formada Rusiyaya verməklə bağlı fikir səsləndirməyib. Ona görə də səsləndirilən iddianı sadəcə variantlardan biri kimi qəbul etmək olar”.

Ekspert əlavə edib ki, Ukraynanı müdafiə edən beynəlxalq güclərin Krımla bağlı məsələni ertələməsi üçün rəsmi Kiyevə təklif irəli sürməsi mümkündür: “Tarixdə bu tip məsələlərə rast gəlinir. Yəni atəşkəsə və ya sülhə nail olmaq üçün münaqişəli məsələlər müəyyən müddətə dondurulur. Krım məsələsi mübahisəli mövzu kimi müəyyən müddətə ertələnə bilər. Amma bu, Ukraynanın öz ərazisi olan Krımdan imtina etməsi anlamına gəlmir. SSRİ dağılandan sonra müttəfiq respublikaların çoxunda münaqişələr oldu. Beynəlxalq birlik isə bu dövlətləri münaqişəli əraziləri ilə birgə tanıdı. Amma sonrakı müddətdə məsələn Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəndə beynəlxalq hüquq ölkəmizin tərəfində oldu. Ehtimal edirəm ki, perspektivdə Krım münaqişəsi dondurulmuş məsələ kimi saxlanılar. Rusiya Luqansk və Donetsk də daxil olmaqla Ukrayna ərazisindən çıxar, ardınca isə danışıqlar başlayar. Amma bu da çox zəif variantdır. Hələ ki, müharibənin bu cür məsələlərlə həll olunma ehtimalı aşağıdır”.
Müşviq Tofiqoğlu,
KONKRET.az
