Bakı-Qazax yolunun Kürdəmir rayonu ərazisindən keçən hissəsində yolun sağ zolağı sıradan çıxıb və istifadəyə qismən yararlıdır. Bu yol həm yoldan keçən insanların həyatını, həm də nəqliyyat vasitələrini təhlükə altına alır. Sürücülər sol zolaqla getmək istədikdə isə cərimə yazılır.
Bəs bu məsələ necə tənzimlənməlidir?
KONKRET.az xəbər verir ki, nəqliyyat eksperti Yaşar Mustafayev Milli.Az-a bildirir ki, belə hallarda sürücüyə protokol tətbiq edilməməlidir. Çünki dağılmış yolda hərəkət edərkən qəza baş verə bilər, avtomobilin bəzi nasazlıqları yarana bilər. Ona görə də sürücünün məcburiyyət qarşısında sol zolaqla hərəkət etməsinə görə protokol tətbiq edilməməlidir.
Hüquqşünas Şamil Paşayev isə deyir ki, əgər sürücü dağılmış sıradan çıxmış yolda məcburiyyətdən sol zolaqla keçibsə və ona cərimə tətbiq olunubsa, məhkəməyə müraciət edə bilər. Sürücünün məhkəmə vasitəsilə həmin qərarı ləğv etdirməsi mümkündür. Həmçinin, həmin yolda avtomobildə dəyən zərərə görə də vətəndaş təzminat tələb edə bilər.
Qeyd edək ki, Yol Hərəkəti haqqında qanunda bildirilir ki, yaşayış məntəqəsindən kənarda yolun sağ zolağı boş olduğu halda, sol zolaqla hərəkət etmək qadağandır. İnzibati Xətalar Məcəlləsində isə bu əmələ görə 40 manat cərimə nəzərdə tutulur.