Xarici dil öyrənən şagirdlər niyə sərbəst danışa bilmir? — TƏFƏRRÜATLARbackend

Xarici dil öyrənən şagirdlər niyə sərbəst danışa bilmir? — TƏFƏRRÜATLAR

Müasir dövrdə xarici dil bilmək artıq yalnız əlavə üstünlük deyil, təhsil və əmək bazarında rəqabət qabiliyyətinin əsas şərtlərindən birinə çevrilib. Buna baxmayaraq, məktəblərdə xarici dil tədrisinin nəticələrinin gözlənilən səviyyədə olmamasının əsas səbəblərindən biri dərslərin bir çox hallarda dilin praktik istifadəsindən daha çox qrammatik qaydaların öyrənilməsinə, sözlərin əzbərlənməsinə və qiymətləndirməyə yönəldilməsidir.

Nəticədə şagird illərlə xarici dil keçsə də, real situasiyalarda həmin dildə sərbəst ünsiyyət qurmaqda çətinlik çəkə bilir.

Bəs məktəblərdə xarici dil tədrisinin keyfiyyətini necə artırmaq olar? Şagirdlərin öyrəndikləri dildən real həyatda istifadə edə bilməsi üçün hansı dəyişikliklərə ehtiyac var?

Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən təhsil eksperti, UFAZ və ADA Universitetində pedaqoji fəaliyyət göstərmiş, hazırda İtaliyanın Politecnico di Torino Universitetində doktorant və tədris heyətinin üzvü olan, bir sıra elmi məqalələrin müəllifi Etibar Vəzirov bildirib ki, xarici dil tədrisində əsas məqsəd “dili bilməkdən” “dildən istifadə edə bilmək” modelinə keçmək olmalıdır.

Ekspertin sözlərinə görə, problemin səbəbini yalnız dərsliklərdə və ya müəllimlərdə axtarmaq düzgün deyil.

“Burada məsələ yalnız dərsliklərin və ya müəllimlərin üzərinə qoyulmamalıdır. Tədris proqramı, müəllim hazırlığı, qiymətləndirmə sistemi və dərsin təşkili bir-birini tamamlamalıdır. Əgər imtahan və qiymətləndirmə əsasən qrammatika və yazılı tapşırıqları ölçürsə, tədrisin də təbii olaraq həmin istiqamətə yönəlməsi baş verir. Buna görə əsas məqsəd “dili bilməkdən” “dildən istifadə edə bilmək” modelinə keçmək olmalıdır.

Bunun üçün xarici dil dərslərində danışıq və dinləmə bacarıqlarının payı artırılmalı, real həyat situasiyalarına əsaslanan tapşırıqlardan, dialoqlardan, qrup işlərindən, təqdimatlardan və layihə əsaslı öyrənmədən daha geniş istifadə edilməlidir.

Şagird yalnız qaydanı bilməməli, məsələn, xarici dildə özünü təqdim edə, fikrini əsaslandıra, məlumat əldə edə, məktub yaza və gündəlik ünsiyyət qura bilməlidir”, – deyə E.Vəzirov vurğulayıb.

Müəllimlərin hazırlığı da əsas şərtdir

Etibar Vəzirov qeyd edib ki, müəllimlərin müasir kommunikativ tədris metodları üzrə davamlı peşəkar inkişafı təmin edilməlidir.

“Rəqəmsal platformalar, interaktiv materiallar və süni intellekt əsaslı alətlər də düzgün metodika ilə tətbiq edildikdə şagirdlərə dərsdən kənarda belə danışıq, dinləmə və yazı bacarıqlarını fərdi şəkildə məşq etmək imkanı yarada bilər.

Ən vacib dəyişikliklərdən biri isə qiymətləndirmədə olmalıdır. Şagirdin xarici dil biliyi yalnız test və qrammatik tapşırıqlarla deyil, dinləmə, danışıq, oxu və yazı bacarıqlarının birlikdə qiymətləndirilməsi ilə ölçülməlidir.

Məktəbi bitirən şagirdin neçə il xarici dil keçdiyindən daha çox, həmin dildə konkret olaraq nə edə bildiyi əsas nəticə göstəricisi olmalıdır”, – deyə ekspert bildirib.

Aynurə İsmayıl

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*