“Bütün insanlar əclaf deyil!” – Uşaqlarla birlikdə qaz kamerasına gedən Yanuş Korçakbackend

“Bütün insanlar əclaf deyil!” – Uşaqlarla birlikdə qaz kamerasına gedən Yanuş Korçak

Bu sözləri faşistlərə deyən insan uşaqlarla birlikdə qaz kamerasına getdi.

Yanuş Korçak sadəcə müəllim, yazıçı və həkim deyildi. O, insanlıq qarşısında məsuliyyətin nə demək olduğunu öz həyatı ilə göstərən böyük şəxsiyyət idi.

Polyak pedaqoqu, yazıçısı və həkimi olan Korçak həyatını uşaqlara həsr etmişdi. O, üç dəfə öz həyatını xilas etmək imkanına malik oldu. Lakin hər üç dəfə uşaqları tək buraxmaqdan imtina etdi. İlk dəfə bu, İkinci Dünya müharibəsi ərəfəsində baş verdi.

Polşa işğal edilməzdən əvvəl Korçaka ölkəni tərk etmək imkanı vardı. Lakin o, mühacirət etmədi. Çünki müharibənin astanasında “Yetimlər evi”ndəki uşaqları taleyin ümidinə buraxmaq istəmədi.

İkinci dəfə Varşava gettosunda qaçmaq imkanı yarananda həyatını xilas etməkdən imtina etdi.

Üçüncü və sonuncu dəfə isə artıq bütün uşaqlar “Yetimlər evi”nin sakinləri ilə birlikdə düşərgəyə aparılmaq üçün qatara mindiriləndə…

Korçaka SS zabiti yaxınlaşdı.

— “Kral Matiuş” əsərini siz yazmısınız?

— Bəli.

— Mən bu kitabı uşaqlıqda oxumuşam. Çox yaxşı kitabdır. Siz azadsınız. Vaqondan düşə bilərsiniz.

Korçak uşaqlara baxdı:

— Bəs uşaqlar?

— Uşaqlar gedəcək. Amma siz vaqondan düşə bilərsiniz.

Korçak cavab verdi:

— Səhv edirsiniz. Mən gedə bilmərəm. Bütün insanlar əclaf deyil.

Bundan bir neçə gün sonra Korçak uşaqları ilə birlikdə Treblinka ölüm düşərgəsində qaz kamerasına daxil oldu.

Deyilənə görə, ölümə gedən yolda Korçak ən kiçik uşaqlardan ikisini qucağında aparır, digər uşaqlara isə nağıl danışırdı. Uşaqlar başlarına gələn dəhşətin miqyasını anlamırdılar.

Onlar müəllimlərinin yanında idilər. Və Korçak son ana qədər onların yanında qaldı. Əslində, Korçak haqqında amma bundan artıq heç nə bilməsək belə, onun uşaqların tərbiyəsi ilə bağlı tövsiyələrini oxumaq kifayətdir.

Yanuş Korçakın uşaqların tərbiyəsi ilə bağlı 10 tövsiyəsi

1. Övladının sənin kimi və ya sənin istədiyin kimi olacağını gözləmə. Ona özünə bənzəməyə yox, özün olmağa kömək et.

2. Övladından onun üçün etdiklərinin əvəzini tələb etmə. Sən ona həyat vermisən. O, bunun qarşılığını necə qaytara bilər? O da bir başqasına həyat verəcək, həmin insan da başqasına. Minnətdarlığın dəyişməz qanunu budur.

3. Öz incikliklərini uşağından çıxma. Əks halda qocalığında acı çörək yeməli ola bilərsən. Çünki nə əkirsənsə, onu da biçirsən.

4. Onun problemlərinə yuxarıdan aşağı baxma. Həyat hər kəsə gücü çatdığı qədər yük verir. Əmin ol ki, onun həyatı da sənin həyatın qədər, bəlkə də səndən daha ağırdır. Çünki onun hələ sənin qədər təcrübəsi yoxdur.

5. Övladını alçaltma!

6. Unutma ki, insanın həyatındakı ən mühüm görüşlərdən biri uşaqlarla olan görüşləridir. Onlara daha çox diqqət ayır. Çünki qarşındakı uşağın kimə çevriləcəyini heç vaxt əvvəlcədən bilmirsən.

7. Övladın üçün hər şeyi edə bilmədiyinə görə özünü əzablandırma. Sadəcə unutma: uşaq üçün mümkün olan hər şey edilməyibsə, deməli, hələ kifayət qədər edilməyib.

8. Uşaq bütün həyatını zəbt edən kiçik bir tiran deyil. O, sadəcə sənin ətin-qanın deyil. O, həyatın sənə qorumaq və içindəki yaradıcılıq alovunu inkişaf etdirmək üçün əmanət etdiyi qiymətli bir varlıqdır. Sənin “mənim uşağım” dediyin deyil, sənə əmanət edilmiş bir ruhdur.

9. Başqasının uşağını da sevməyi bacar. Heç vaxt başqasının övladına öz övladına edilməsini istəmədiyin şeyi etmə.

10. Övladını necədirsə, elə də sev – istedadsız, uğursuz, böyümüş olsa belə. Onunla ünsiyyətdə olarkən sevin. Çünki uşaq hələ səninlə olan bayramdır.

Yanuş Korçak öz həyatını uşaqlara həsr etdi.

O, uşaqlara yalnız necə yaşamağı öyrətmədi. Ən ağır anda onları tək qoymamağın nə demək olduğunu öz həyatı ilə göstərdi.

Bəzən insan haqqında uzun-uzadı danışmağa ehtiyac yoxdur.

Onun kim olduğunu göstərən bircə seçim kifayətdir.

Korçak öz seçimini etdi. Uşaqlar hara gedirdisə, o da ora getdi. Buna görə də onun adı yalnız Polşa tarixində deyil, insanlıq tarixində də ehtiramla xatırlanmağa layiqdir.

Həqiqətən də, böyük hörmətə layiq bir insan.

Hazırladı: Rəsmiyyə Şərifova,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*