Rusiya XİN-in sözçüsü Mariya Zaxarova bildirib ki, Moskva Vaşinqtonla aktiv danışıqlar aparmır. Onun sözlərinə görə, hazırda tərəflər arasında ayrı-ayrılıqda yaranan problemlər üzrə ayrı-ayrı əlaqələr var, ancaq Ukrayna mövzusu ilə bağlı məsələlər müzakirə olunmur.
Müharibənin 22-ci günündə Mariya Zaxarovanın belə bir açıqlama verməsi əslində nədən xəbər verir? Rusiya müharibə ilə bağlı ABŞ-la niyə müzakirələr aparmır?
Mövzu ilə bağlı KONKRET.az-a danışan politoloq Cümşüd Nuriyev bildirib ki, Rusiya düşdüyü siyasi tələdən çıxmağa çalışır:

“Mariya Zaxarova bu açıqlaması ilə demək istəyir ki, Ukraynanın bu vəziyyətə düşməsində ABŞ da günahkardır. Ümumiyyətlə, Rusiya Ukrayna ilə razılaşa bilmirsə, ABŞ-la da uzlaşa bilməz. Amma hadisələrin gedişatı göstərir ki, Rusiya düşdüyü siyasi tələdən çıxmağa çalışır. Amma şimal qonşumuz bu tələdən çıxmaq əvəzinə hər gün daha da dərinə batır. Əslində Ukraynanın yürütdüyü xarici siyasəti də uğurlu hesab etmək olmaz. Çünki Ukrayna Prezidenti Volodimir Zelenskinin verdiyi bəyanatların biri digərinə uyğun gəlmir. O gah ABŞ-ı, gah Aİ-ni, gah da NATO-nu ittiham edir. Onun çıxışlarından bəlli olur ki, Ukrayna çıxılmaz vəziyyətdədir. Təbii ki, Ukraynanın bu vəziyyətə düşməsində həm Rusiya, həm də ABŞ günahkardır. Əgər müharibənin başlamasında, 60 faiz Rusiyanın günahı varsa, ən az 40 faiz də ABŞ günahkardır”.
Politoloq əlavə edib ki, Rusiya başlatdığı müharibə ilə bütün beynəlxalq normaları pozdu:
“Heç kimin ixtiyarı yoxdur ki, suveren dövlətə belə tələblər irəli sürsün. Əgər kimsə öz millətini sevirsə, ona millətçi damğası yapışdırmaq, nasist adlandırmaq olmaz. Qarşılıqlı iddialar Rusiyanı Ukraynanın işğalına və müharibəyə gətirib çıxardı. Lakin Putin yenə də öz ambisiyalarından əl çəkmir. 22 gündür müharibə davam edir və Rusiya bu müharibədə uduzur. İşğalın qarşısını almadığına görə Avropa da, ABŞ da günahkardır. Hər kəs bu müharibədə yaxasını kənara çəkdi. Bütün beynəlxalq təşkilatların yararsız qurum olduğu ortaya çıxdı. Həmin təşkilatlar dövlətlərin ödədiyi üzvlük haqqı ilə fəaliyyət göstərir. Müharibə göstərdi ki, bu təşkilatların fəaliyyəti səmərəli deyil. ABŞ isə müharibədən öz istədiyini götürdü. Ağ Ev Rusiyanın öz ölkəsində olan sərvətlərini dondurub. Digər tərəfdən Avropada silah satışını genişləndirdi. Həmçinin, ABŞ öz qazını Avropaya satmaq üçün də ciddi əsas yaratdı. Bu prosesdə təkcə Rusiya və Ukrayna deyil, eləcə də Aİ udzudu. Müharibənin qazanan iki tərəfi oldu ki, bunlar ABŞ və İngiltərədir. İndi Mariya Zaxarova Rusiyanın günahlarını yüngülləşdirmək istəyir. Lakin bu mümkün deyil. Çünki Putin çıxışları göstərir ki, Rusiya bu müharibəyə xeyli müddət əvvəldən hazırlıq görüb. Amma onun “İldırımsürətli müharibə” planı suya düşdü və işğal niyyəti baş tutmadı”.
Şəbnəm Mehdizadə,
KONKRET.az

Azərbaycanla əlaqəli mövzularda “Mıllı” politologlar səs çıxarmır mövzu rodinaya rasiya olanda ortaya atılırlar, rusyayı müdafiyə etməyə