“Cəsarətin olmaması göz qabağında idi”.
KONKRET.az xəbər verir ki, Ermənistanın Baş naziri Nikol Paşinyan Yeni il müraciəti edib. O, 2022-ci ili ağır çağırışlar ili hesab edib. Paşinyan Ermənistanı tək buraxmaqda müttəfiqləri günahlandırıb və adlarını çəkmədən biganə qalmayan ölkələrə və beynəlxalq təşkilatlara təşəkkür edib.
“Biz müstəqil, suveren, firavan və təhlükəsiz dövlətə sahib olmaq üçün mübarizə aparırıq. Biz Ermənistan adlı gəmimizi fırtınalı okeanda dinc limana gətirəcəyik”, – deyə o bildirib.
Paşinyanın 15 dəqiqəlik bayram müraciəti erməni ekspertlər və vətəndaşlar arasında birmənalı qarşılanmayıb.
Hüquq müdafiəçisi və publisist Vardan Arutyunyan Paşinyanın çıxışını cəsarətli hesab etməyib. Ermənistan-Azərbaycan, Qarabağ məsələsi ilə bağlı ondan aydın söz eşitmək istədiyini deyib.
“Mən o çıxışa baxmadım, cəsarətsizlik göz qabağında idi. Necə ki, bir neçə ildir ki, bu mövzularda həqiqəti deməyə cəsarəti çatmayıb, ona görə də bu dəfə demədi. Qalanları lirik sapmalar idi”, – hüquq müdafiəçisi deyib.
Arutyunyan əlavə edib ki, ölkə başçısı hər kəsə məlum olan vəziyyəti sadə həqiqət kimi təqdim etməməli, vətəndaşlara həll yollarını təqdim etməlidir.
“Ermənistanın tamamilə fərqli vəziyyətə düşəcəyi və müharibə təhlükəsinin aradan qalxacağı həll yolları haqqında danışmalı idi. Belə həll yollarını demir, sadəcə deyir ki, vəziyyət ağırdır. Bunu hamı bilir, insanların bildiyini insanlara deməyə ehtiyac yoxdur”, – deyə ekspert vurğulayıb.
Ermənistan vətəndaşları arasında keçirilən sorğudan məlum olub ki, əksəriyyət Baş nazirin çıxışına əhəmiyyət vermədiyini bildirib.
“Paşinyanın gördüyü hər bir iş mesajda qeyd olunurdu. Düzdür, pis şeylər var, çatışmazlıqlar var. Amma 30 ildir indi bildiklərimi ediblərsə, ölkəmizi məhv ediblər”, – deyə vətəndaşlardan biri bildirib.
Baş nazirin çıxışında insanların mənfi inkişaf edən hadisələr gözlədiyi də diqqət çəkib.
“Düzünü deyim ki, Baş nazirin dedikləri bizim tam başa düşə biləcəyimiz bir şey deyil. Mən onun çıxışından erməni xalqı üçün nə müsbət, nə də əlverişli bir şey gözləmirəm”, – başqa bir vətəndaş deyib.
Xuraman Etibarlı,
KONKRET.az
