22 sentyabr 1938-ci il. Monqolustan.
Sovet NKVD-sinin yerli strukturları tərəfindən vaxtilə Monqolustanın kraliçası olmuş Navaanluvsan Genenpil həbs edildi.
O, Monqolustanın son rəsmi kraliça-konsortu, teokratik monarx VIII Boqdo-Gegenin həyat yoldaşı idi. Cəmi bir neçə il əvvəl sarayda yaşayan Genenpil artıq kommunist repressiyalarının hədəfinə çevrilmişdi. Onun taleyi XX əsr Monqolustan tarixinin ən faciəli səhifələrindən birinə çevrildi.
Genenpil zadəgan Borçigin nəslindən idi. Bu nəslin kökləri Çingiz xana gedib çıxırdı. Lakin bir neçə əsr sonra Çingiz xanın nəslindən gəlmək artıq imtiyaz deyil, təhlükə mənbəyinə çevrilmişdi.
Genenpilin həyatı da bu tarixi dönüşün ən acı nümunələrindən biridir.
18 yaşında kraliça oldu
Genenpilin dəqiq doğum tarixi müxtəlif mənbələrdə fərqli göstərilsə də, 1905-ci ildə anadan olduğu qəbul edilir.
İlk həyat yoldaşının ölümündən sonra ağır xəstəlikdən əziyyət çəkən, görmə qabiliyyətini itirmiş 53 yaşlı VIII Boqdo-Gegəyə yeni həyat yoldaşı axtarılırdı.
Seçim gənc Genenpilin üzərində dayandı. O zaman onun təxminən 18 yaşı vardı. Beləliklə, sadə bir zadəgan ailəsindən çıxan gənc qız Monqolustan sarayının son kraliçasına çevrildi.
Lakin onun kraliçalıq dövrü çox qısa sürdü. 1924-cü ilin yazında VIII Boqdo-Gege vəfat etdi. Həmin il Monqolustan Xalq Respublikası elan edildi və ölkədə əsrlərlə davam edən monarxiya sistemi ləğv olundu.
Genenpilin də saray həyatı bununla başa çatdı. O, ailəsinin yanına qayıtdı. Bir müddət sonra Luvsandamba adlı güləşçi ilə evləndi və bu nikahdan üç övladı dünyaya gəldi.
Genenpilin sakit ailə həyatı, əslində, qarşıdakı fırtınadan əvvəlki sakitlik idi.
Monqolustanda “Böyük terror”
1930-cu illərin ikinci yarısında Monqolustanda repressiyalar geniş vüsət aldı. Sovet İttifaqındakı Stalin terrorunun təsiri ölkəyə də yayıldı.
Din xadimləri, buddist monastırlarının nümayəndələri, ziyalılar, keçmiş aristokratlar və siyasi opponentlər “xalq düşməni” elan edilərək həbs olunurdu.
Minlərlə insan edam edildi və ya düşərgələrə göndərildi. Buddist monastırlarının böyük hissəsi dağıdıldı, dini həyat ağır zərbə aldı. Genenpil üçün də növbə gəldi. 1937-ci ildə o həbs edildi.
İşgəncələr altında ondan dövlətə xəyanət etdiyini, Yaponiya üçün casusluq apardığını və əksinqilabi üsyan hazırladığını “etiraf etməsi” tələb olundu.
Belə ittihamlar həmin dövr üçün çox tanış idi. Repressiya mexanizmi əvvəlcə insanı həbs edir, sonra isə ondan əvvəlcədən hazırlanmış ittihamı təsdiqləyən “etiraf” almağa çalışırdı.
Genenpil də bu mexanizmdən xilas ola bilmədi.
Hamilə halda edam edildi 1938-ci ilin mayında Gənənpil güllələndi. Cəmi 33 yaşı vardı. Ən dəhşətlisi isə onun həmin vaxt beş aylıq hamilə olması idi. Onun atası da Genenpillə birlikdə repressiyanın qurbanı oldu.
Beləliklə, vaxtilə Monqolustan sarayında kraliça kimi yaşamış gənc qadın bir neçə il sonra “xalq düşməni” damğası ilə həyatını itirdi.
Onun günahı nə idi Çingiz xanın nəslindən gəlməsi və keçmiş monarxla əlaqəsinin olması. Və ən əsası, Stalin repressiyalarının insanlara məntiqsiz ittihamlarla ölüm hökmü çıxardığı bir dövrdə yaşaması.
Həqiqətin üzə çıxması üçün yarım əsrdən çox lazım oldu
Genenpilin adı uzun illər tarixdən sanki silindi.
Monqolustanda kommunist rejim hökm sürdüyü müddətdə onun taleyi barədə açıq danışmaq mümkün deyildi.
Yalnız 1990-cı ildə, Monqolustanda kommunist rejimin süqutundan və demokratik dəyişikliklərin başlanmasından sonra onun işi yenidən araşdırıldı.
Monqolustanın Ali Məhkəməsi Gənənpili tamamilə təqsirsiz elan etdi və ölümündən sonra bəraət verdi.
Beləliklə, onun haqqında onilliklər boyu yaradılmış “dövlət xaini” obrazı hüquqi baxımdan da rədd edildi.
Genenpilin hekayəsi yalnız bir qadının faciəsi deyil.
Bu, XX əsrdə siyasi ideologiyanın insan həyatını necə dəyərsizləşdirə bildiyinin nümunəsidir.
Bir vaxtlar sarayın divarları arasında kraliça kimi yaşayan gənc qadın, cəmi bir neçə il sonra həmin dövlətin öz repressiya maşınının qurbanına çevrildi.
Onun həyatında Monqolustanın bütöv bir əsrlik tarixinin dramatik dönüşü görünür: monarxiyadan kommunizmə, aristokratiyadan “xalq düşməni” damğasına, saraydan edam meydanına…
Genenpilin taleyinin ən ağrılı tərəfi isə budur: O, tarixə kraliça kimi düşə bilərdi. Amma uzun illər tarix onu yalnız “xalq düşməni” kimi xatırladı.
Həqiqətin yerini almış bu saxta ittihamların aradan qaldırılması üçün isə yarım əsrdən çox vaxt lazım oldu.
Monqolustanın son kraliçası Genenpil 33 yaşında öldürüldü. Onun adı isə yalnız ölümündən 52 il sonra – 1990-cı ildə bəraət aldı.
Rəsmiyyə Şərifova,
KONKRET.az
